Viral Marketinq Nədir?

Viral Marketinq Nədir?

Viral marketinq insanların təbii ünsiyyət və paylaşma vərdişlərindən istifadə edərək müəyyən bir məhsul, xidmət və ya markaya aid məzmunun qısa müddət ərzində geniş auditoriyaya yayılmasını hədəfləyən marketinq strategiyasıdır. Bu üsul əsasən sosial media platformaları və digər rəqəmsal kommunikasiya vasitələri üzərindən həyata keçirilir. Viral marketinqin əsas məqsədi izləyiciləri və ya müştəriləri məzmunu könüllü şəkildə paylaşmağa təşviq etməkdir. Bu isə yalnız təqdim olunan məzmun insanlarda maraq, təəccüb, sevinc və ya digər emosional reaksiyalar oyatdığı halda baş verir. Buna görə də viral məzmun adətən əyləncəli, maraqlı, yaradıcı, təsirli və ya emosional mövzuları əhatə edir. Viral marketinq kampaniyaları aşağıdakı məqsədlərlə həyata keçirilir:

  • Marka tanınırlığını artırmaq
  • Məhsul və ya xidmətə maraq yaratmaq
  • İctimai diqqəti cəlb etmək
  • İstehlakçılar arasında təbii və könüllü yayıma nail olmaq

Məsələn sosial şəbəkələrdə sürətlə yayılan bir video, qısa və təsirli bir reklam, ya da yaradıcı bir yarışma kampaniyası minlərlə insan tərəfindən paylaşılaraq markanın mesajını çox qısa vaxtda böyük auditoriyalara çatdıra bilər. Bu isə həm daha az xərclə geniş təsir yaratmağa imkan verir, həm də hədəf kütlənin markayla daha səmimi bağ qurmasına şərait yaradır. Viral marketinqin uğurlu olması üçün məzmunun orijinal, insanlara toxunan və paylaşmağa dəyər bir formada hazırlanması vacibdir. Beləliklə, izləyicilər həmin məzmunu yalnız görməklə kifayətlənmir, eyni zamanda onu öz əhatəsində olanlarla da paylaşmaq istəyir.

Viral marketinqin faydaları nələrdir?

Viral marketinqin markalar üçün bir çox əhəmiyyəti vardır. Bunları aşağıdakı kimi sıralamaq olar:

  1. Geniş kütləyə sürətli çatmaq: Viral məzmunlar sosial media və digər rəqəmsal platformalar vasitəsilə çox qısa zamanda böyük auditoriyalara yayıla bilir. Bu da markanın tanınırlığını əhəmiyyətli dərəcədə artırır.
  2. Marka imicinin güclənməsi: Yaradıcılıq və emosional təsir gücünə malik viral məzmunlar markanın yadda qalmasını təmin edir. Bu da həm marka imicini formalaşdırır, həm də tanınma səviyyəsini artırır. Emosional təsir gücü eyni zamanda müştərilərin markayla bağ yatamasına və uzunmüddətli müştəri sədaqətinə səbəb olur.
  3. Sosial təsdiq mexanizması: İnsanlar başqalarının bəyəndiyi və paylaşdığı məzmunlara daha çox etibar edirlər. Viral məzmunlar da bu təsiri yaradaraq markaya qarşı etibar və marağı artırır.
  4. Nəticələrin ölçülə bilməsi: Viral kampaniyaların nəticələrini sosial media analiz alətləri ilə asanlıqla izləmək mümkündür. Bu məlumatlar gələcək kampaniyaların daha məqsədyönlü və effektiv olmasına kömək edir.
  5. Aşağı xərc, yüksək nəticə: Viral marketinq ənənəvi reklamlara nisbətən daha az xərc tələb edir. Məzmun insanlar tərəfindən təbii şəkildə paylaşıldığı üçün böyük reklam büdcələrinə ehtiyac qalmır. Yaxşı hazırlanmış məzmun az xərclə böyük təsir yarada bilər.
  6. Müştəri ilə qarşılıqlı əlaqə: Viral məzmun izləyiciləri aktiv olmağa, şərh yazmağa, paylaşmağa və müzakirələrə qoşulmağa təşviq edir. Bu, insanların markaya daha yaxın hiss etməsinə və daha sadiq olmalarına səbəb olur.
  7. Uzunmüddətli təsir: Viral məzmunlar insanların yaddaşında qalır və zaman keçdikcə marka ilə əlaqələndirilir. Bu isə marka sədaqətini artırır və müştərilərlə uzunmüddətli əlaqə qurmağa şərait yaradır. Xüsusilə yaradıcı və emosional məzmunlar uzun müddət müzakirə olunur.

Viral marketinq necə edilir?

Viral marketinq üçün effektiv strategiya qurmaq və yaradıcı məzmun hazırlamaq əsas şərtlərdən biridir. Uğurlu viral kampaniya üçün əvvəlcə hədəf auditoriya dəqiq müəyyənləşdirilməli, onların maraq dairəsi analiz edilməlidir. Daha sonra bu auditoriyanı cəlb edəcək maraqlı, emosional və diqqətçəkən məzmun hazırlanmalıdır. Nəhayət, məzmunun düzgün platformalarda paylaşılması və izlənməsi üçün strateji plan qurulmalıdır.

Hədəf auditoriyanı anlamaq

Viral marketinqdə uğur qazanmaq üçün hədəf kütlənin maraq dairəsini, davranışlarını və sosial mediadan istifadə vərdişlərini yaxşı bilmək vacibdir. İnsanların nəyə reaksiya verdiyini, hansı məzmunları paylaşmağa meyilli olduqlarını və hansı platformalarda daha aktiv olduqlarını öyrənmək lazımdır. Bu məlumatlar sayəsində daha uyğun və təsirli məzmun hazırlamaq mümkündür. Doğru auditoriyanı hədəfləmək məzmununuzun viral şəkildə yayılmasının əsas açarlarından biridir.

 Diqqətçəkən məzmunlar hazırlamaq

Viral marketinqdə uğur qazanmaq üçün diqqətçəkən, yenilikçi və hədəf kütlənin maraq dairəsinə, ehtiyaclarına və dəyərlərinə uyğun məzmunlar hazırlamaq olduqca önəmlidir. Belə məzmunlar auditoriya ilə emosional bağ qurmağa və onların diqqətini tez bir zamanda cəlb etməyə kömək edir. Məzmunun formatı fərqli ola bilər. Bu, bir video, şəkil, mətn və ya interaktiv element ola bilər. Əsas məqsəd istifadəçilərin diqqətini çəkmək və onları paylaşmağa təşviq edən dəyərli bir təcrübə yaratmaqdır.

Çevik və Dinamik Yanaşma

Viral məzmunlar bəzən gözlənilməz şəkildə və sürətlə yayıla bilər. Bu səbəbdən kampaniya müddətində çevik olmaq və vəziyyətə uyğun tez reaksiya vermək vacibdir. İzləyicilərdən gələn rəyləri diqqətlə izləmək və ehtiyac olduqda strategiyanı yenidən formalaşdırmaq uğurun davamlılığını təmin edir. Dəyişkən rəqəmsal mühitdə uğurlu olmaq üçün markalar həm rahat uyğunlaşabilmə, həm də sürətli qərar vermə bacarığına sahib olmalıdır.

Emosional bağ qurmaq

Hazırlanan məzmun izləyicilərdə güclü emosional hisslər yaratmalıdır. Sevinc, təəccüb, maraq və ya empatiya kimi duyğular insanları həmin məzmunu paylaşmağa təşviq edir. Emosional olaraq təsirli məzmun auditoriya ilə daha dərin və yadda qalan bir əlaqə qurmağa kömək edir. Bu cür emosional bağ qurulduqda, izləyicilər artıq sadəcə izləyici kimi yox, eyni zamanda məzmunu könüllü şəkildə paylaşan və onu başqalarına ötürən bir şəxsə çevrilirlər.

Zamanı düzgün seçmək

Məzmunun paylaşılma vaxtı onun uğuruna və viral yayılma ehtimalına birbaşa təsir edir. Hədəf kütlənizin sosial şəbəkələrdə ən aktiv olduğu saatları və günləri düzgün müəyyənləşdirmək vacibdir. Eyni zamanda, gündəmdə olan hadisələrə uyğun və zamanında hazırlanan məzmunlar daha çox maraq doğurur. Doğru vaxtda paylaşılmış məzmun daha çox insana çatır və izləyicilərin diqqətini cəlb etmək ehtimalı artır.

Platformaları doğru seçmək

Hər sosial media platformasının özünəməxsus formatı və istifadəçi gözləntiləri vardır. Məsələn Instagram vizual məzmunlar üçün ideal platformadır, X isə qısa və təsirli mesajlar paylaşmaq üçün daha uyğundur. Viral marketinq kampaniyasının mövzusu və hədəf auditoriyası nəzərə alınaraq ən uyğun platforma seçilməlidir. Düzgün platforma seçimi məzmunun daha çox insana çatmasına və istənilən effekti verməsinə kömək edir.

Qarşılıqlı əlaqəni təşviq etmək

Viral marketinqdə izləyiciləri aktivliyə təşviq etmək çox önəmlidir. Bunun üçün emosional bağ yaradan və insanları şərh yazmağa, paylaşmağa və reaksiya verməyə sövq edən yaradıcı məzmunlar hazırlanmalıdır. Məzmunun sosial mediada asanlıqla paylaşılması da bu prosesə böyük təsir göstərir. Əgər məzmun aktual mövzularla əlaqəlidirsə, daha çox maraq doğurur və daha geniş auditoriyaya yayılır.

Ölçmə və təkmilləşdirmə

Viral marketinq kampaniyasının nə dərəcədə uğurlu olduğunu müəyyən etmək üçün sosial media analiz alətləri və veb analitika vasitələrindən istifadə etmək vacibdir. Bu vasitələr kampaniyanın hansı hissələrinin effektiv olduğunu və hansı sahələrdə dəyişiklik lazım gəldiyini göstərir. Analiz nəticələri gələcək kampaniyaların daha məqsədyönlü və uğurlu planlaşdırılmasına kömək edir. Davamlı olaraq nəticələri izləmək və əldə edilən məlumatlara əsasən strategiyanı təkmilləşdirmək uğurlu marketinqin əsas hissəsidir.

Kampaniyanı dəstəkləmək

Viral marketinq kampaniyasının uğurlu olması üçün hədəf kütlənin diqqətini çəkəcək yaradıcı və paylaşılabiliən məzmunlar hazırlanmalıdır. Bu məzmunlar izləyicilərin ən aktiv olduğu sosial media platformalarında məqsədyönlü və strateji şəkildə paylaşılmalıdır. Eyni zamanda, istifadəçiləri şərh yazmağa, paylaşmağa və iştirak etməyə təşviq edən elementlər və çağırışlar əlavə olunmalıdır. Bu yanaşma məzmunun daha geniş auditoriyaya çatmasına və kampaniyanın təsir gücünün artmasına kömək edir.

Viral marketing nümunələri

Duolingo bayquş maskotunun ölümü

Duolingo məşhur bayquş maskotu “ölümü” ilə aktuallaşmağı bacardı. Platforma bayquşun qəfil yoxa çıxması və “Duolingo bayquşu öldü” mesajı ilə istifadəçiləri təəccübləndirdi. Sosial şəbəkələrdə yayılan bu hadisə qısa zamanda viral oldu və insanlar onun “taleyini” öyrənmək üçün platformaya axışdı. Əslində isə bu, Duolingo-nun yeni funksiyanı və ya kampaniyanı elan etməzdən öncə maraq yaratmaq üçün hazırladığı ağıllı viral marketinq gedişi idi. Bu qeyri-adi yanaşma həm istifadəçi marağını artırdı, həm də brendin yumoristik və fərqli üslubunu bir daha ön plana çıxardı. Nəticədə Duolingo, sadəcə bir dil öyrənmə tətbiqi olmaqdan çıxıb, internet mədəniyyətinin aktiv bir iştirakçısına çevrildi.

ALS Ice Bucket Challenge

ALS xəstəliyinə diqqət çəkmək üçün həyata keçirilən Ice Bucket Challenge kampaniyası viral marketinqin uğurlu nümunəsidir. İnsanlar sosial mediada başlarına buzlu su tökərək həm maarifləndirici mesaj verir, həm də başqalarını bu aksiyaya qoşulmağa dəvət edirdilər. Məşhurların və ictimai şəxslərin iştirakı ilə kampaniya sürətlə yayıldı və böyük ictimai maraq qazandı. Bu təşəbbüs həm xəstəliyə dair məlumatlılığı artırdı, həm də xeyli miqdarda ianə toplanmasına səbəb oldu.

Pepsi: Halloween reklamı

Pepsi və Coca-Cola arasındakı rəqabətdən yəqin ki, hamımız xəbərdarıq. İllər boyunca hər iki brend bir-birinə üstüörtülü şəkildə eyham vuran kampaniyalar hazırlayıb. Lakin oktyabr 2013-cü ildə yayımlanan məşhur reklam bu günə qədər yaddaşlarda qalıb. Bu cəsarətli kampaniyada Pepsi Coca-Colanı dolayı yolla “qorxunc” kimi təqdim edir. Pepsi qutusu Halloween kostyumu kimi üzərində Coca-Cola loqosu olan bir örtük geyinmiş şəkildə göstərilir. Reklam tamaşaçılar tərəfindən zarafatlı və maraqlı bir müqayisə kimi qəbul edildi. Pepsi əsasən konfet və qorxu filmləri ilə əlaqələndirilən bu bayramdan yararlanaraq yaradıcı və unudulmaz bir reklam ortaya qoydu.

Snickers: Ac olanda sən o sən deyilsən

Snickers-in “You’re Not You When You’re Hungry” kampaniyası uğurlu viral marketinq nümunəsidir. Kampaniya aclığın insan davranışlarına təsirini yumorla göstərərək böyük maraq yaratdı. Reklamlarda ac insanlar özlərinin qəribə və gülməli versiyalarına çevrilirdi. “Ac olanda sən o sən deyilsən” sloqanı bu mesajı qısa və təsirli şəkildə çatdırdı. Snickers bu kampaniya ilə məhsulunu aclıq anında əhval dəyişikliklərinə qarşı “həll” kimi təqdim etdi. Qlobal şəkildə yayımlanması və məşhur simaların iştirakı ilə kampaniya geniş rezonans doğurdu və brendi fenomenə çevirdi.

iHeartDogs: 0% endirim

iHeartDogs sosial rifah məqsədilə yaradılmış bir şirkətdir. İnsanlar onların məhsullarını aldıqda, şirkət it sığınacaqlarına yemək bağışlayır. Bu əsas prinsiplərinə sadiq qalaraq, iHeartDogs daha çox insanı ianə etməyə cəlb etmək üçün Facebook üzərindən reklam kampaniyasına başladı. Kampaniyada vurğulanırdı ki, məhsul alarkən heç bir endirim təqdim olunmayacaq. Endirimlər əvəzinə, şirkət həftəsonu edilən alışlardan gələn ianələri ikiqat artıracağını vəd edirdi. Black Friday-dən (Qara Cümə) Giving Tuesday-ə (Bağışlama Çərşənbəsi) qədər “0% endirim” adlı kampaniya başladıldı. Facebook reklamında “0% endirim” yazılmışdı, amma nəticədə şirkətin satışları dörd dəfə artdı. Şirkət əvvəlcə 100 000 itin qidalanmasını təmin etməyi hədəfləmişdi, lakin nəticədə bu rəqəm 200 000-ə çatdı. Satışlar gözləniləndən dörd dəfə çox oldu və təkcə Facebook üzərindən 500 000-dən çox insan bu kampaniyaya reaksiya verdi. Sosial məqsəd daşıdığı üçün kampaniya sosial şəbəkələrdə sürətlə yayıldı.

Viral marketinqin çatışmazlıqları nələrdir?

Viral marketinq effektiv və sürətli nəticə versə də, bəzi riskləri və çatışmazlıqları da vardır. Gəlin, bu çatışmazlıqlara nəzər salaq:

  1. Nəzarətin çətin olması və nəticələrin qeyri-müəyyənliyi: Viral məzmunun necə qarşılanacağını əvvəlcədən tam bilmək mümkün deyil. Əgər viral məzmun düzgün başa düşülməzsə və ya tənqidə səbəb olarsa, markanın nüfuzu zədələnə bilər. Xüsusilə həssas və mübahisəli mövzulara toxunmaq marka dəyərləri ilə ziddiyyət yarada və uzunmüddətli mənfi təsir göstərə bilər.
  2. Hədəf auditoriyadan uzaqlaşmaq: Bəzən məzmun geniş auditoriyaya yayılır, lakin əsas hədəf kütləyə deyil, əlaqəsiz insanlara çatır. Bu halda, satış və ya geri dönüş cəhətdən real nəticə əldə olunmaya bilər.
  3. Hüquqi və etik risklər: Məzmunun hazırlanması zamanı müəllif hüquqları, şəxsi məlumatların qorunması və mədəni həssaslıqlar nəzərə alınmazsa, hüquqi problemlər və ictimai tənqid yarana bilər. Bu səbəbdən viral kampaniyalar planlaşdırılarkən qanuni və etik qaydalara diqqət yetirilməlidir.
Related Posts