SEO İngiliscə “Search Engine Optimization” sözlərinin qısaldılmasıdır və Azərbaycan dilində “axtarış sistemində optimizasiya” deməkdir. Bu optimizasiyanın əsas məqsədi vebsaytları Google, Yahoo, Bing, Yandex, Ask və s. kimi axtarış sistemlərində ön sıralarda çıxarmaqdır. Sadə dillə desək, SEO vasitəsilə vebsaytların daha çox insana çatdırılması mümkündür. Hazırda bütün sayt sahibləri vebsaytlarının axtarış nəticələrində ilk sıralarda görünməsini istəyir.
SEO-nun əsas məqsədi saytın təqdim etdiyi məlumatları, xidmətləri və ya məhsulları daha geniş auditoriyaya çatdırmaqdır. Burada ən vacib məsələ sayt ziyarətçilərinin sayını artırmaqdır. Bu ziyarətçi axınında isə axtarış sistemlərinin rolu böyükdür. İnsanlar internetdə axtardıqları məlumatlara, xidmətlərə və məhsullara çatmaq üçün ilk növbədə axtarış sistemlərinə üz tuturlar. Axtarış sistemləri isə bu sorğulara ən uyğun nəticələri təqdim etməyə çalışır.
SEO niyə vacibdir?

SEO-nun əsas məqsədi vebsaytları Google və digər hədəflənən axtarış sistemlərində uyğun açar sözlər üzrə ilk sıralara çıxarmaqdır. İlk sıralarda olan saytlar daha çox klik alır. Lakin burada əsas diqqət təkcə ziyarətçi sayına yox, keyfiyyətli auditoriyaya yönəlməlidir. Yəni SEO sadəcə daha çox trafik deyil, daha uyğun və dönüşüm potensialı olan trafik üçün edilməlidir.
Əgər bu sahədə təcrübəniz yoxdursa, peşəkar bir SEO mütəxəssisi ilə işləmək faydalı olacaq. Doğru mütəxəssisi seçmək isə çox vacibdir, çünki qeyri-peşəkar SEO fəaliyyətləri saytınıza ciddi zərər verə bilər. Peşəkar bir mütəxəssis adətən aşağıdakı xidmətləri göstərir:
- Saytın ümumi strukturunun təhlili
- Mövcud kontentin yoxlanması, yenilənməsi və yeni məzmun təklifləri
- Google və digər axtarış sistemlərinə uyğun texniki təkliflər
- Açar söz araşdırması
- Rəqib və sektor analizi
- Saytdankənar strategiyaların qurulması və tətbiqi
- Detallı və anlaşılan SEO hesabatlarının hazırlanması
Axtarış sistemləri necə işləyir?
Axtarış sistemləri, xüsusilə Google, istifadəçilərə ən uyğun, aktual və etibarlı nəticələri təqdim etmək üçün mürəkkəb bir alqoritm sistemindən istifadə edir. SERP (Search Engine Results Page) üzərində nəticələrin sıralanmasına təsir edən onlarla amil mövcuddur və bunların içində əlaqəlilik, mütəxəssislik və etibarlılıq xüsusi yer tutur. Google-un məqsədi, istifadəçi sorğusuna ən uyğun və ehtiyaclarını tam qarşılayan nəticəni mümkün qədər qısa müddətdə təqdim etməkdir.
Axtarış sistemlərinin işləmə prosesi əsasən 3 mərhələdən ibarətdir:
- Skan etmə (Crawling) – Google-un botları mövcud veb saytları mütəmadi olaraq crawl edərək onları indeksinə əlavə edir. İstifadəçi axtarış sorğusu verdikdə isə Google bu indeksdəki məlumatlar arasından ən uyğun nəticələri təqdim edir. Bu mərhələdə mətnlər, şəkillər, videolar və digər məzmun elementləri araşdırılır və ilkin olaraq analiz olunur.
- İndeksləmə (Indexing) – Toplanan məlumatlar Google-un nəhəng məlumat bazasına əlavə edilir. Bu mərhələdə məzmunun strukturu, əsas mövzusu, açar söz sıxlığı, multimedia elementləri və istifadə olunan dillər kimi detallar sistemli şəkildə qeyd olunur ki, gələcəkdə sorğulara cavab verərkən doğru nəticələr göstərilə bilsin.
- Sıralama (Ranking) – İstifadəçi axtarış sorğusu verdikdə, Google minlərlə uyğun nəticə içindən ən aktual, əlaqəli və keyfiyyətli olanları seçərək SERP-də sıralayır. Bu mərhələdə mobil uyğunluq, yüklənmə sürəti, məzmunun orijinallığı, istifadəçi davranış göstəriciləri və səhifənin etibarlılığı kimi amillər də nəzərə alınır.
Google hər zaman istifadəçiyə yüksək keyfiyyətli təcrübə təqdim edən vebsaytları mükafatlandırır. Əgər saytımız həm məzmun, həm texniki optimizasiya, həm də istifadəçi rahatlığı baxımından üstünlük təşkil edirsə, axtarış nəticələrində yuxarı sıralara çıxmaq ehtimalımız çox yüksəlir.
SEO necə işləyir?
SEO vebsaytın axtarış nəticələrində üst sıralarda görünməsini təmin edərək hədəf auditoriyaya daha effektiv şəkildə çatmaq üçün həyata keçirilən strateji optimizasiya prosesidir. Bunun üçün saytdaxili, saytdankənar və texniki SEO kimi əsas sahələrdə optimizasiya işləri görülür. Hər bir sahə özünəməxsus funksiyalar daşıyır və birlikdə işlədikdə axtarış motorlarının saytı daha yaxşı başa düşməsinə və istifadəçilərə düzgün təqdim etməsinə kömək edir. Aşağıda SEO-nun əsas iş prinsiplərini daha ətraflı izah edirik.
On-page SEO nədir?
On-page SEO bir vebsaytın məzmunu və daxili quruluşu üzərində aparılan optimizasiya işlərini əhatə edir. Bu prosesin məqsədi axtarış motorlarının saytınızı daha yaxşı başa düşməsini və istifadəçilərə daha uyğun nəticələr təqdim etməsini təmin etməkdir. On-page SEO düzgün həyata keçirildikdə həm istifadəçi təcrübəsi artır, həm də axtarış nəticələrində daha yüksək mövqe əldə olunur. Bu optimizasiya növü açar sözlərin düzgün istifadəsindən tutmuş meta təsvirlərin hazırlanmasına, URL strukturundan şəkillərin optimizasiyasına qədər bir çox elementi əhatə edir. Aşağıda On-page SEO-nun əsas komponentlərini daha detallı izah edirik.
1. Açar sözlər (Keywords)
Açar sözlər istifadəçilərin axtarış motorlarında yazdıqları ifadələrdir və On-page SEO-nun əsasını təşkil edir. Düzgün seçilmiş açar sözlər məzmunun hədəf auditoriyaya uyğun olmasını təmin edir. Onlar başlıqlarda, alt başlıqlarda, mətn daxilində və şəkil alt mətnlərində təbii şəkildə istifadə olunmalıdır. Balansı qorumaq vacibdir, çünki həddindən artıq təkrar “keyword stuffing” hesab olunur və SEO-ya zərər verə bilər.
Açar söz seçimi zamanı analitik yanaşma tətbiq edilməli, potensial ziyarətçinin nə axtardığı və nə istədiyi nəzərə alınmalıdır. Səhifəni yüzlərlə termin üçün optimallaşdırmaq mümkün olmadığından, daha spesifik axtarış sorğularını hədəfləmək məqsədəuyğundur. Bu zaman üç əsas meyar önəmlidir: axtarış tezliyi, rəqabət səviyyəsi və əlaqəlilik.
Açar söz araşdırması AKH (Açar Söz Həcmi) göstəricisinə əsaslanır və insanların müəyyən ifadəni nə qədər tez-tez axtardığını, həmçinin bazarda rəqabətin gücünü müəyyənləşdirir. Araşdırmada məqsəd yalnız söz seçmək deyil, məzmunu dəqiq təsvir edən və hədəf auditoriyaya uyğun ifadələri müəyyənləşdirməkdir. Bu yanaşma veb saytın axtarış motorlarında görünmə səviyyəsini artırır və hədəf açar sözlər üzrə daha yüksək nəticələr əldə etməyə kömək edir.
2. Meta title
Meta title axtarış nəticələrində görünən əsas başlıqdır və həm SEO, həm də klikləmə faizi (CTR) baxımından çox əhəmiyyətlidir. O, səhifənin mövzusu haqqında qısa, aydın və diqqətçəkici məlumat verməlidir. Meta title uzunluğu 50–60 simvol arasında olmalı, əsas açar söz başlığın əvvəlində yerləşdirilməlidir.
3. Meta description
Meta description axtarış nəticələrində başlığın altında görünən qısa təsvir mətnidir. Bu hissə həm SEO baxımından, həm də istifadəçilərin sayta klikləmə ehtimalını artırmaq baxımından mühümdür. Meta təsvirlər 150–160 simvol arasında olmalı, əsas açar sözləri təbii şəkildə ehtiva etməli və cəlbedici bir Call to Action (məsələn, “Ətraflı öyrənin” və ya “İndi kəşf edin”) ilə tamamlanmalıdır.
4. URL strukturu
SEO dostu URL-lər qısa, aydın və açar sözləri ehtiva edən ünvanlardır. Məsələn: www.yusifmaniyev.com/seo-optimizasiya kimi bir URL həm istifadəçi, həm də axtarış motoru üçün oxunaqlıdır. URL-lərdə Azərbaycan əlifbasındakı xüsusi hərflər (ə, ğ, ü, ç, ö, ş, ı) və boşluqların istifadəsindən qaçmaq lazımdır, çünki bu simvollar texniki problemlərə və oxunmaz linklərə səbəb ola bilər. Onların əvəzinə latın qrafikalı qarşılıqları (a, g, u, c, o, s, i) istifadə edilməlidir. Həmçinin URL-lərdə böyük hərflər, xüsusi simvollar (#, %, &, ?, =) və çoxlu tire işarələrindən istifadə etmək tövsiyə olunmur. Bunun əvəzinə, sözləri kiçik hərflərlə yazmaq və tək tire (-) ilə ayırmaq daha yaxşıdır. Bu yanaşma həm axtarış motorları, həm də istifadəçilər üçün daha oxunaqlı və peşəkar görünüş yaradır.
5. Şəkil optimizasiyası
Saytdakı şəkillər də SEO üçün optimizasiya edilməlidir. Fayl adlarında və alt mətnlərdə (alt text) açar sözlər istifadə olunmalı, şəkil ölçüləri optimallaşdırılaraq yükləmə sürəti artırılmalıdır. Bundan əlavə, şəklin formatı da (JPEG, PNG, WEBP və s.) səhifə sürətinə uyğun seçilməlidir. Yüksək keyfiyyətli, lakin ölçüsü kiçildilmiş şəkillər həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də axtarış motorlarının səhifəni daha tez indeksləməsinə kömək edir.
6. Başlıq strukturu (Headings)
Başlıqlar (H1, H2, H3 və s.) məzmunun daha yaxşı strukturlaşdırılmasına və oxunaqlılığın artırılmasına kömək edir. Başlıq məqalə və ya veb səhifədə müəyyən hissənin mövzusunu ifadə edən qısa və aydın cümlədir. Onlar həm istifadəçilərin məzmunu tez başa düşməsinə, həm də axtarış motorlarının məzmunun hierarxiyasını anlamasına kömək edir. Açar sözlərin başlıqlarda istifadəsi SEO nəticələrinə müsbət təsir göstərir. Nümunə:
- H1: İkinci Əl Telefon Alarkən Nələrə Diqqət Etməli?
- H2: Telefonun ümumi vəziyyətinin yoxlanması
- H3: Ekranda cızıq və çatların olmaması
- H3: Korpusun fiziki vəziyyəti
- H3: Düymə və sensorların işləkliyi
- H2: Sistem və funksional testlər
- H3: Kamera keyfiyyəti
- H3: Səs və mikrofon yoxlanışı
- H3: Wi-Fi və bluetooth bağlantısı
Off-page SEO nədir?
Saytdankənar SEO (Off-page SEO) vebsaytın axtarış nəticələrində mövqeyini yaxşılaşdırmaq üçün saytın xaricində aparılan bütün optimizasiya fəaliyyətlərini əhatə edir. Bu strategiya saytın nüfuzunu artırmaq, daha çox ziyarətçi cəlb etmək və axtarış motorlarında etibarlı mənbə kimi tanınmaq məqsədi daşıyır. Ən çox tanınan üsul backlink toplamaq olsa da, effektiv saytdankənar optimizasiya sosial media fəaliyyətləri və rəqəmsal PR işlərini də əhatə edir. Uğurlu bir saytdankənar SEO strategiyası üçün əvvəlcə yüksək keyfiyyətli məzmun yaradılmalı, sonra isə bu məzmun müxtəlif kanallar vasitəsilə güclü şəkildə yayılmalıdır.
Backlink
Backlink digər saytların sizin saytınıza verdiyi keçidlərdir və SEO-da ən güclü xarici optimizasiya üsullarından biridir. Keyfiyyətli və mövzu ilə əlaqəli mənbələrdən alınan backlink-lər, saytınızın nüfuzunu artırır və axtarış nəticələrində mövqeyini yüksəldir. Burada əsas məqam miqdardan çox keyfiyyətdir — spam xarakterli, mövzu ilə əlaqəsiz keçidlər SEO-ya zərər verə bilər. Guest posts, tanıtım məqalələri, əməkdaşlıq layihələri və nüfuzlu kataloqlara əlavə olunmaq backlink əldə etməyin effektiv yollarındandır.
Sosial media marketinqi
Sosial media platformaları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) saytdankənar SEO üçün güclü dəstək vasitələridir. Aktiv sosial media paylaşımları, brendin görünürlüyünü artırır, saytınıza trafik gətirir və istifadəçi əlaqəsini gücləndirir. Paylaşımlarda linklərin yerləşdirilməsi və interaktiv məzmun (sorğular, videolar, canlı yayımlar) sayta daha çox ziyarətçi cəlb edə bilər. Sosial mediada aktiv olmaq həm də məzmunun daha geniş auditoriyaya çatmasına şərait yaradır.
Rəqəmsal PR

Rəqəmsal PR onlayn mühitdə brendin nüfuzunu və etibarlılığını artırmaq üçün həyata keçirilən media fəaliyyətləridir. Buraya onlayn xəbər saytlarında tanıtım məqalələri, press-relizlər, müsahibələr, blogger və influencer əməkdaşlıqları, sponsorlu linklər daxildir. Bu üsullar sayəsində həm brend tanınırlığı artır, həm də axtarış motorları tərəfindən yüksək keyfiyyətli istinadlar qazanılır. Rəqəmsal PR strategiyaları, ənənəvi PR-dan fərqli olaraq ölçülə bilən nəticələr təqdim edir və SEO ilə sıx bağlı şəkildə işləyir.
Texniki SEO
Texniki SEO bir vebsaytın axtarış sistemləri tərəfindən düzgün skan olunması, başa düşülməsi və indekslənməsi üçün həyata keçirilən optimallaşdırma işlərini əhatə edir. Əgər vebsaytınız keyfiyyətli məzmunla zəngindirsə, lakin texniki baxımdan problemlidirsə, bu zaman hədəf auditoriyanıza çatmaqda çətinliklər yaşana bilər. Texniki SEO istifadəçilərin və axtarış motorlarının saytınızda rahat “hərəkət etməsini” təmin edən əsas infrastruktur işləridir.
Mobil uyğunluq
Mobil cihazlardan daxil olan istifadəçi sayı hər il artır, buna görə “responsive” dizayn artıq seçim deyil, zərurətdir. Mobil uyğun sayt bütün ekran ölçülərində düzgün görünür, məzmun rahat oxunur və bütün funksiyalar problemsiz işləyir. Google-un “Mobile-First Indexing” siyasəti mobil versiyanı əsas götürdüyü üçün bu optimizasiya növü çox önəmlidir.
Sayt sürəti
Sürətli yüklənən səhifələr istifadəçilərin saytda qalma ehtimalını artırır və sıralamalara müsbət təsir göstərir. Optimizasiya üçün şəkil ölçülərini azaltmaq, caching tətbiq etmək və sürətli serverlərdən istifadə etmək tövsiyə olunur. Bundan əlavə, lazy loading texnologiyasından istifadə etmək səhifənin ilk yüklənmə müddətini qısaldır. Kodların (CSS, JavaScript) sıxlaşdırılması və lazımsız plaginlərin silinməsi də saytın performansını artıran mühüm addımlardandır.
Sayt xəritəsi (Sitemap)
Sitemap.xml saytınızdakı mühüm səhifələrin siyahısını təqdim edərək axtarış motorlarının onları daha asan tapmasını təmin edir. Dinamik olaraq yenilənən sayt xəritəsi yeni məzmunun tez indekslənməsinə kömək edir. Həmçinin sayt xəritəsinin axtarış motorlarına göndərilməsi indeksləmə prosesini daha da sürətləndirir. Sayt xəritəsində yalnız vacib və açıq olması lazım olan səhifələrin yer almasına diqqət yetirilməlidir.
Robots.txt faylı
Robots.txt, axtarış motorlarına hansı səhifələrin skan ediləcəyini və hansının edilməyəcəyini bildirən idarəetmə faylıdır. Bu fayl düzgün qurulmadıqda, vacib səhifələr təsadüfən bloklana bilər, buna görə test etmək vacibdir. Robots.txt faylı həmçinin saytın server yükünü optimallaşdırmaq üçün lazımsız səhifələrin indekslənməsinin qarşısını alır. Faylın dəyişikliklərdən sonra yenidən yoxlanılması səhvlərin qarşısını almağa kömək edir.
HTTPS protokolu
HTTPS istifadəçi məlumatlarının təhlükəsiz ötürülməsini təmin edir və Google tərəfindən sıralama faktoru kimi nəzərə alınır. SSL sertifikatı quraşdırmaq, həm təhlükəsizlik, həm də SEO baxımından faydalıdır. HTTPS həm də istifadəçilərdə etibar hissi yaradır və onlayn ödəniş, qeydiyyat kimi həssas əməliyyatlarda mütləq tələb olunur. Sertifikatın müddəti bitmədən yenilənməsi vacibdir.
Canonical URL
Kanonik URL eyni məzmunun bir neçə ünvan vasitəsilə əlçatan olduğu hallarda əsas versiyanı göstərmək üçün istifadə olunur. Bu, məzmun təkrarlanmasının qarşısını alır və SEO nəticələrinə müsbət təsir edir. Kanonik etiketlər səhifə otoritetini parçalanmaqdan qoruyur və bütün keçid dəyərinin əsas URL-ə yönləndirilməsini təmin edir. Onların düzgün tətbiqi saytın strukturunda qarışıqlığın qarşısını alır.
Schema
Schema markup axtarış motorlarına səhifənin məzmunu haqqında əlavə kontekst təqdim edir. JSON-LD formatında tətbiq olunduqda “rich snippets” (qiymət, reytinq, stok vəziyyəti, FAQ və s.) əldə etməyə imkan verir. Schema istifadə etmək CTR-ni (click-through rate) artırır, çünki axtarış nəticələrində daha cəlbedici görünüş yaradır. Həmçinin schema-nın səhifə məzmunu ilə tam uyğun olması və Google Rich Results Test kimi alətlərlə yoxlanılması tövsiyə olunur.
SEO performansını necə ölçmək olar?
SEO strategiyasının uğurlu olub-olmadığını anlamaq üçün nəticələri mütəmadi olaraq ölçmək vacibdir. Bu məqsədlə Google Search Console və Microsoft Clarity kimi alətlər effektiv nəticələr təqdim edir.
Google Search Console vebsaytınızın Google axtarış nəticələrində necə göründüyünü izləməyə və optimallaşdırmağa imkan verir. Bu alət vasitəsilə saytınızın hansı açar sözlər üçün sıralandığını, klik və baxış saylarını, CTR (Click-Through Rate) göstəricisini və səhifələrin indeksləmə vəziyyətini görə bilərsiniz. Həmçinin texniki SEO problemlərini, mobil uyğunluq məsələlərini və təhlükəsizlik xəbərdarlıqlarını da burada izləmək mümkündür. Search Console səhifə performansını artırmaq üçün konkret təkliflər təqdim edərək SEO işlərinizi daha hədəfli şəkildə aparmağınıza kömək edir.
Microsoft Clarity isə istifadəçi davranışını dərinliklə analiz edən ödənişsiz bir analitika alətidir. Bu platforma “heatmap” (istilik xəritəsi) və sessiya qeydləri vasitəsilə ziyarətçilərin hansı hissələrə klik etdiyini, səhifədə necə hərəkət etdiyini və harada saytı tərk etdiyini göstərir. Clarity-nin təqdim etdiyi bu məlumatlar istifadəçi təcrübəsini (UX) yaxşılaşdırmaq və dönüşüm nisbətlərini artırmaq üçün dəyərli ipucları verir. SEO nəticələrinin uzunmüddətli uğuru üçün texniki performans göstəriciləri ilə yanaşı istifadəçi davranış analizləri də nəzərə alınmalıdır.


