Axtarış motoru marketinqi (Search Engine Marketing) rəqəmsal marketinqin əsas istiqamətlərindən biridir. SEM veb saytınızın və ya məhsulunuzun axtarış motorlarında daha geniş auditoriyaya çatması üçün ödənişli reklam imkanlarından istifadə olunmasını əhatə edir. Əsas məqsəd istifadəçilərin axtarış etdiyi açar sözlərə uyğun reklamlar vasitəsilə onların qarşısına çıxmaqdır. Bu metod bizneslərin sürətli nəticələr əldə etməsi üçün ən effektiv yollardan biri sayılır. Rəqabətin yüksək olduğu rəqəmsal dünyada SEM şirkətlərə önə çıxmaq üçün güclü vasitədir.
Zaman keçdikcə internet istifadəçilərinin sayı artdı. İnsanlar internetdə axtarış edir, sosial şəbəkələrdə paylaşım edir və yeni məhsullar axtarır. Bu da axtarış motorlarını daha vacib etdi. Nəticədə SEM reklam verənlər arasında çox məşhurlaşdı və bu gün milyardlarla dollarlıq böyük bir sahəyə çevrilib.
SEM nə üçün vacibdir?
SEM yəni axtarış motoru marketinqi markaların daha çox tanınmasına kömək edir. Bir reklam axtarış nəticələrində nə qədər yuxarıda çıxarsa, daha çox insan onu görür. Bu da markanın tanınmasına, güvən qazanmasına və insanların onu dəyərləndirməsinə səbəb olur.
Bundan başqa, SEM marketoloqlar üçün veb saytlarına daha çox insan cəlb etmək üçün əla bir yoldur. Reklamlar vasitəsilə istifadəçilər saytın əsas səhifəsinə, məhsul səhifələrinə və ya xüsusi açılış səhifələrinə yönləndirilə bilər. SEM-nin əsas məqsədi veb saytın görüntülənməsini artırmaq və daha çox ziyarətçi cəlb etməkdir. Bunun üçün həm pullu reklamlar, həm məzmuna əsaslanan reklamlar, həm də orqanik (təhlükəsiz və pulsuz) axtarış nəticələri birlikdə istifadə edilə bilər.
Pullu reklamlar baxımından SEM çox effektivdir. Çünki digər reklamlara nisbətən daha çox klik və satış gətirə bilir. “Klik başına ödəniş” (PPC) modeli sayəsində reklamlar konkret açar sözlərə görə göstərilir. Bu da markaların istədikləri hədəf kütləyə asanlıqla çatmasına imkan verir və kampaniyaların idarə olunmasını sadələşdirir. SEM həmçinin markalara rəqabətli bazarda önə çıxmaq üçün imkan yaradır, çünki doğru açar sözlərlə düzgün qurulmuş reklamlar vasitəsilə hədəf auditoriyaya birbaşa çatmaq mümkündür. Üstəlik, analitik alətlər vasitəsilə kampaniyaların nəticələrini izləmək və daim təkmilləşdirmək mümkündür ki, bu da marketinq strategiyasının daha effektiv və məqsədyönlü olmasına kömək edir.
Axtarış motoru marketinqi (SEM) necə işləyir?
SEM saytınızın axtarış nəticələrində görünməsi üçün ödəniş edərək reklam yerləşdirməyi özündə ehtiva edir. İstifadəçi axtarış motorunda (məsələn Google-da) müəyyən bir söz və ya ifadə yazanda, sizin reklamınız nəticələrin üst hissəsində çıxır. Bu reklamların idarə olunması üçün Google Ads (Google üçün), Microsoft Advertising (Bing üçün) və Yahoo Native Ads (Yahoo üçün) kimi platformalardan istifadə olunur. Hər bir platforma öz axtarış motorunda reklamların effektiv şəkildə yerləşdirilməsinə imkan yaradır. Bu vasitələrlə düzgün strategiya quraraq hədəf auditoriyanı dəqiq müəyyənləşdirmək mümkündür. Bu reklamlar vasitəsilə insanlar veb saytınıza, məhsul səhifənizə və ya sosial media hesablarınıza yönləndirilir. Məqsəd doğru açar sözləri seçərək, sizin xidmət və ya məhsul axtaran insanlara çatmaqdır. Sadə şəkildə desək, marketoloqlar saytlarını axtarış nəticələrinin ən üstündə göstərmək üçün müəyyən açar sözlərə görə ödəniş edir və beləliklə daha çox müştəri cəlb edirlər.
Google Ads və reklam modelləri
Google Ads platforması müxtəlif məqsəd və auditoriyalar üçün fərqli reklam modelləri təqdim edir. Bu reklam növləri markaların hədəf kütlələrinə daha səmərəli və yaradıcı yollarla çatmasına imkan verir. Seçəcəyiniz reklam növü məhsulunuzun növünə, reklam büdcənizə və marketinq strategiyanıza uyğun olmalıdır. Hər bir reklam modeli özünəməxsus üstünlüklərə malikdir və fərqli platformalarda yayımlanır. Google Ads vasitəsilə həm satışları artırmaq, həm də brendin tanınmasını gücləndirmək mümkündür. Google Ads reklam modelləri aşağıdakı kimi təsnif olunur:
- Search Ads
- Display Ads
- Shopping Ads
- YouTube Ads
- App Ads
- Discovery Ads
- Local Services Ads
- Performance Max Ads
- Smart Ads
İndi isə onlardan bəzilərinə daha ətraflı baxaq.
Search reklamları
Google Axtarış reklamları axtarış nəticələri səhifəsində (SERP) adi linklərə bənzəyən mətn əsaslı reklamlardır. Bu reklamlarda vebsaytın adı, səhifə başlığı (meta title), təsvir (meta description) və favicon kimi elementlər yer alır. Məsələn “foto redaktə proqramı” axtarışı zamanı sponsorlu nəticələr orqanik linklərdən əvvəl görünə bilər. Reklamların hansı yerdə göstərilməsi yalnız büdcədən deyil, həm də reklamın uyğunluğu və performansından asılıdır. Google reklamların sıralanmasını keyfiyyət balı (quality score) ilə qiymətləndirir və bu bal üç əsas faktora əsaslanır: gözlənilən klik faizi (click-through rate – CTR) , istifadəçi axtarışına uyğunluq və açılış səhifəsinin əlaqəliliyi. Yüksək büdcə və yüksək keyfiyyət balı reklamınızın yuxarıda görünmə şansını artırır. Aşağı büdcə və zəif performans isə reklamların səhifənin aşağılarında görünməsinə səbəb ola bilər. Axtarış reklamı yaratmaq üçün kampaniya məqsədini seçmək, hədəf auditoriyanı müəyyənləşdirmək, açar sözləri daxil etmək və reklam mətnini hazırlamaq kifayətdir.
Display reklamlar
Display reklamları internetdə vaxt keçirdiyiniz zaman qarşınıza çıxan şəkilli və ya videolu reklamlardır. Bu reklamlar saytlarda, mobil tətbiqlərdə, YouTube və Gmail kimi platformalarda görünür. Məsələn dünən axtardığınız bir məhsulun bu gün başqa bir saytda reklamını görə bilərsiniz – bu, Display reklamlarının hədəfli işləməsidir. Google bu reklamları sizin maraqlarınıza, baxdığınız mövzulara və əvvəlki axtarışlarınıza əsasən seçir. Reklamlar adətən saytın yuxarısında, kənarında və ya məqalələrin içində yerləşir. Bəzən bu reklamlar kliklənməsə də, istifadəçilərin markanı tanımasına kömək edir. Bu cür reklamlar brendin yadda qalmasına və gələcəkdə alış qərarına təsir edə bilər. Qısacası, display reklamları klik deyil, görünmə ilə də güclü təsir yaradır.
Youtube reklamları
YouTube reklamları video formatında təqdim olunan və əsasən YouTube platformasında yayımlanan reklam növüdür. Bu reklamlar videolardan əvvəl, video zamanı və ya sonra göstərilə bilər. Keçilə bilən reklamlar istifadəçiyə bir neçə saniyədən sonra keçmək imkanı verir, keçilməyənlər isə 20 saniyəyə qədər davam edir və tam izlənməlidir. Bumper reklamlar isə cəmi 6 saniyəlik qısa və keçilməyən reklamlardır.YouTube reklam növlərindən biri olan Display reklamlar yalnız masaüstü cihazlarda, yəni YouTube-un veb versiyasında göstərilən vizual reklamlardır. YouTube reklamları markaların geniş auditoriyaya çatması, tanınmasını artırması və izləyici ilə vizual əlaqə qurması üçün güclü vasitədir.
SEM strategiyası necə qurulur?
Aşağıda sizə güclü bir SEM (Axtarış Mühərriki Marketinqi) strategiyası qurmaq üçün 7 sadə və vacib addımı təqdim edirik:
- Dəqiq məqsəd müəyyən edin: İstəyirsiniz ki, istifadəçi reklamınıza kliklədikdən sonra saytınızda nə etsin? Məhsul alsın? Tətbiq endirsin? Yoxsa qeydiyyatdan keçsin? Kampaniyanızın məqsədləri (KPI) aydın olmalıdır. İstifadəçinin hansı addımı atmasını istədiyinizi dəqiq bilsəniz, SEM nəticələriniz daha uğurlu olar.
- Rəqiblərinizi araşdırın: Reklam verməyə başlamazdan əvvəl bazarda kimlərin nə etdiyini yoxlayın. Sizin sahədə kimlər hansı açar sözlərə reklam verir? Onların reklamları harada çıxır? Bu tip araşdırmalar sizin öz strategiyanızı qurmağınıza və fərqlənməyinizə kömək edəcək.
- Ən uyğun axtarış motorunu seçin: Hər axtarış motorunun öz üstünlükləri var. Bəzilərində istifadəçi sayı çoxdur, amma reklam xərcləri də yüksək ola bilər. Büdcənizə və hədəflərinizə uyğun olanı seçin (məsələn: Google, Bing və s.).
- Düzgün açar sözləri seçin: Uğurlu kampaniyanın əsasında doğru açar sözlər dayanır. İstifadəçilərin axtardığı, məhsul və xidmətinizlə uyğun olan açar sözləri araşdırın. Fərqli axtarış həcminə malik açar sözləri birləşdirərək balanslı bir strategiya qurun.
- Reklam büdcəsi müəyyən edin: SEM bəzi hallarda baha başa gələ bilər. Buna görə reklam vermədən öncə xərclərinizi planlayın. Bəzi şirkətlər bu işdə təcrübəli olan reklam agentliklərindən dəstək alır.
- Cəlbedici reklamlar hazırlayın: Diqqətçəkən və maraqlı reklam mətnləri istifadəçilərin reklamınıza klikləməsini artırır. Yazdığınız mətnlər qısa, aydın və maraqlı olmalı, eyni zamanda markanızı önə çıxarmalıdır.
- Test edin və təkmilləşdirin: SEM dərhal nəticə verməyə bilər. Buna görə kampaniyanızı daim izləyin. Əgər gözlədiyiniz nəticəni almırsınızsa, reklam mətninizi, açar sözlərinizi və ya büdcənizi dəyişdirin. Fərqli variantları test edərək ən yaxşı nəticəni tapmağa çalışın.
Uğurlu SEM strategiyası qurmaq üçün aydın məqsəd, doğru açar sözlər, uyğun büdcə və davamlı test vacibdir. Bu sadə addımları izləyərək siz də markanızı axtarış nəticələrinin zirvəsinə daşıya bilərsiniz.
SEM və SEO arasındakı fərqlər nələrdir?
SEM (Search Engine Marketing) və SEO (Search Engine Optimization) – hər ikisi veb saytların axtarış motorlarında daha çox görünməsi üçün istifadə olunan rəqəmsal marketinq üsullarıdır. Ancaq aralarında bəzi əsas fərqlər var. SEM dərhal nəticə verən, amma qısamüddətli təsiri olan üsuldur. SEO isə yavaş nəticə verir, amma qalıcı təsirə malikdir. İndi isə SEM və SEO-nun fərqlərini daha ətraflı nəzərdən keçirək:
- Büdcə(xərc): SEM pullu bir üsuldur. Yəni reklam üçün pul ödəyirsən və saytın axtarış nəticələrinin yuxarısında çıxır. SEO isə pulsuzdur. Saytın texniki cəhətdən düzəldilməsi, faydalı məzmun yazılması və digər üsullarla təbii şəkildə önə çıxmaq mümkündür.
- Sürət: SEM ilə nəticə dərhal alınır. Reklam yerləşdirilən kimi sayt daha çox insan tərəfindən görünür. SEO isə daha uzunmüddətli bir prosesdir və nəticəsi daha gec əldə olunur. Amma bu nəticə daha sabit və uzunömürlü olur.
- İş prinsipi: SEM daha çox satış və kommersiya məqsədli olur. Məqsəd qısa müddətdə daha çox müştəri cəlb etməkdir. SEO isə istifadəçiyə dəyərli məlumat verməyə yönəlib. Məqsəd saytın etibarını artırmaq və istifadəçiyə faydalı olmaqdır.
- Davamlılıq: SEM reklamlar davam etdikcə işləyir. Pul ödənmədikdə sayt görünməz ola bilər. SEO isə bir dəfə yaxşı qurulduqdan sonra uzun müddət effektli ola bilər və sayt axtarış motorlarında ön sırada qala bilər.
- İstifadə məqsədi: SEM daha çox qısa müddətli kampaniyalar üçün uyğundur, məsələn endirim, yeni məhsul tanıtımı və s. SEO isə uzunmüddətli strategiya qurmaq, saytın ümumi gücünü və tanınmasını artırmaq üçündür.
Hər iki üsulun məqsədi saytı daha çox insana göstərmək və daha çox müştəri cəlb etməkdir. Şirkətlər və saytlar öz ehtiyaclarına, büdcələrinə və məqsədlərinə uyğun olaraq SEM-i, SEO-nu və ya hər ikisini birlikdə istifadə edə bilərlər. Əsas məsələ – məqsədə uyğun düzgün strategiyanı seçməkdir.



