Off-page SEO, yəni saytdan kənar SEO bir veb saytın Google, Yandex, Bing kimi axtarış sistemlərində daha yüksək mövqe qazanması üçün sayt xaricində görülən tanıtım işləridir. Bu işlər əsasən digər saytlardan sizin saytınıza keçid verən linklər (backlinklər), açıq URL-lərin paylaşılması, forum və bloqlarda şərhlərin yazılması, sektora aid məqalələrin dərc edilməsi və ümumilikdə brendin tanıdılması ilə bağlıdır.
Sadə desək, saytdan kənar SEO – veb saytınızın müxtəlif platformalarda və mənbələrdə təbliğ edilməsidir. Bu mənbələrə bloqlar, sosial media hesabları, forumlar, xəbər saytları, video platformaları, televiziyalar, radiolar, qəzetlər və hətta billboard reklamları daxildir. Məqsəd şirkətinizin adı, məhsulları və xidmətləri haqqında daha çox insana məlumat çatdırmaq və bu sayədə veb saytınızın axtarış nəticələrində daha ön sıralarda çıxmasına nail olmaqdır. Bu cür fəaliyyətlər saytınızın tanınmasına, daha çox ziyarətçi cəlb etməsinə və nəticədə axtarış sistemlərində yüksək mövqe qazanmasına kömək edir.
On-page və off-page SEO arasındaki fərqlər
On-page SEO – veb saytınızın axtarış motorlarında (Google, Yandex, Bing və s.) daha yaxşı sıralarda çıxması üçün sayt daxilində görülən optimallaşdırma işləridir. Bu, HTML kodlarının, daxili linklərin, açar sözlərin düzgün istifadəsini, həmçinin keyfiyyətli məzmun və şəkillərin yerləşdirilməsini əhatə edir. Başqa sözlə, on-page SEO – sayt daxilində nəzarət edə bildiyiniz bütün elementlərin optimallaşdırılmasıdır. Off-page SEO isə saytınızdan kənarda baş verən proseslərlə bağlıdır. Buraya digər saytlardan alınan linklər (backlinklər), sosial mediada paylaşım və ümumilikdə saytınızın internetdə tanınması daxildir.
On-page SEO saytınızın spesifik axtarış sorğularında (yəni istifadəçilərin axtardığı söz və ifadələrdə) ön sıralarda çıxmasına imkan yaradır. Bu strategiya uzunmüddətli perspektivdə yüksək investisiya gəliri (ROI) verir və veb saytınızın böyüməsinə, illərlə stabil trafik cəlb etməsinə dəstək olur. Off-page SEO daha çox sosiallaşmaya əsaslanır və saytın internetdə tanınması, dəyər qazanması üçün görülən işləri əhatə edir. Bu da Google-un çox önəm verdiyi amillərdən biridir. Əgər bu sahəyə diqqət yetirilməzsə, saytınız rəqiblərlə müqayisədə axtarış nəticələrində daha aşağı sıralarda yer ala bilər.
Nəticə olaraq, on-page və off-page SEO bir-birini tamamlayan strategiyalardır. Yalnız birinə üstünlük vermək düzgün yanaşma deyil, çünki hər ikisi saytınızın ümumi uğurunda mühüm rol oynayır.
Off-page SEO niyə bu qədər əhəmiyyətlidir?
Orqanik trafik – yəni istifadəçilərin axtarış motorları vasitəsilə saytınıza təbii yolla daxil olması – saytınızın axtarış nəticələrində daha yaxşı görünməsi üçün çox vacibdir. Bu isə ilk növbədə məzmunun keyfiyyəti və istifadəçi sorğularına uyğunluğu ilə bağlıdır. Əgər məzmununuz dəyərli və aktualdırsa, Google bunu özü müəyyən edir və sizi daha yuxarı sıralarda göstərir.
Bu mərhələdə off-page SEO-nun rolu daha da ön plana çıxır. Çünki saytdan kənar aparılan fəaliyyətlər veb saytınıza daha çox trafik çəkməyə kömək edir. Off-page SEO sayt xaricində görülən işləri və qurulan əlaqələri əhatə edir. Bu strategiya markanıza yönəlmiş backlinklər yaradaraq saytınıza yeni trafik yolları açır. Beləliklə, həm saytınızın tanınması artır, həm də daha geniş auditoriyaya çıxmaq mümkün olur.
Hər bir SEO strategiyasının əsas məqsədi saytın axtarış sistemlərində daha yaxşı mövqe tutmasını təmin etməkdir. Bu baxımdan off-page SEO olduqca önəmlidir. Bu yanaşmanın əsas məqsədi axtarış motorlarına saytınızın etibarlı və nüfuzlu olduğunu göstərməkdir. Xüsusilə yüksək nüfuzlu saytlardan əldə olunan backlinklər saytınızın reytinqini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Off-page SEO eyni zamanda marka tanıtımı baxımından da əhəmiyyətlidir. Saytdan kənarda qurulan əlaqələr sayəsində markanız daha çox insana çatır. İstifadəçilər saytınıza birbaşa daxil olmasalar belə, güvəndikləri mənbələrdən (məsələn, blog yazarları, xəbər portalları və s.) sizə yönləndiriləndə, bu markanızın daha tez tanınmasına səbəb olur. Bu cür dolayı tanıtım bəzən birbaşa ziyarətlərdən daha təsirli ola bilər. Bundan başqa, Google təkcə seçdiyiniz açar sözlərə deyil, saytınıza yönələn əlaqəli açar sözlərə də diqqət yetirir. Bu cür detallara önəm vermək saytınızın daha sürətli sıralanmasına yardım edir və off-page SEOnun nə qədər vacib olduğunu bir daha göstərir.
Off-page SEO necə edilir?
Planlama istənilən uğurlu fəaliyyətin təməlidir. Off-page SEO strategiyanızı qurarkən, hansı taktikaların daha effektiv olduğunu bilmirsinizsə, əvvəlcə hədəf kütlənizi və müştərilərinizin davranışlarını təhlil etmək faydalı olar. Məsələn istifadəçilərin hansı səhifələri ziyarət etdiyini, hansı növ məzmunlarda xarici linklərə daha çox klik etdiyini, sosial mediada markalarla necə əlaqə qurduqlarını, iştirak etdikləri forumları və digər ünsiyyət kanallarını araşdırmaqla effektiv strategiya hazırlamaq mümkündür.
Axtarış motorlarındakı sıralamaları izləməklə yanaşı, saytınıza gələn backlinklərin sayını və xüsusilə bu linklərin haradan gəldiyini də diqqətlə izləmək vacibdir. Bu məlumatları potensial müştərilərdən və geri dönüş nisbətlərindən əldə olunan nəticələrlə müqayisə edərək hansı kanalların məzmun marketinqində daha yüksək investisiya gəliri (ROI) verdiyini müəyyənləşdirə bilərsiniz. Düzgün optimizasiya ilə başladığınız zaman, əvvəlcə sərf etdiyiniz zəhmət və əzmkarlıq zamanla nəticəsini göstərəcək. Strategiyanızı həyata keçirmək get-gedə daha asanlaşacaq. Eyni zamanda, qazandığınız orqanik trafik daha çox trafik gətirəcək ki, bu, da “qar topu” effekti yaradır.
Off-page SEO-da istifadə olunan müxtəlif metodları nəzərdən keçirməklə bu sahədə hansı addımların necə atıldığını və uğurlu strategiyanın necə qurulduğunu daha yaxşı başa düşmək mümkündür.
Backlinklər
Bir çox veb sayt sıralamalarda yüksəlmək üçün populyar off-page SEO texnikalarından istifadə edir. Bu texnikaların içində ən vacibi backlink-lərdir. Backlink – başqa bir veb saytdan sizin məzmununuza yönləndirilmiş hər hansı bir keçiddir. Google saytların əlaqəliliyini və etibarlılığını qiymətləndirərkən backlink-ləri əsas göstəricilərdən biri kimi qəbul edir. Çünki bir çox etibarlı mənbənin sizin saytınıza link verməsi Google üçün həmin saytın dəyərli və güvənilən olduğu anlamına gəlir.
Saytınıza gələn backlink-lərin sayı və keyfiyyəti, şübhəsiz ki, off-page SEO-nun ən önəmli elementlərindəndir. Əlaqəli və nüfuzlu saytlardan əldə edilən backlink-lər saytınıza həm daha dəyərli trafik gətirir, həm də istifadəçilərlə qarşılıqlı əlaqəni gücləndirir. Bu cür keyfiyyətli backlink-lər Google-a saytınızın həm faydalı, həm də etibarlı olduğunu göstərən güclü siqnallar göndərir. Ödənişli backlink-lərin istifadəsi bəzən mübahisəli olsa da, təbii yollarla backlink əldə etmək zaman və səbir tələb edir.
Rəqəmsal PR
Rəqəmsal PR off-page SEO-nun güclü alətlərindən biridir. Bu strategiya brendin onlayn nüfuzunu artırmağa və tanıtımını geniş auditoriyaya çatdırmağa kömək edir. Mediada çıxan müsbət materiallar, bloq yazıları və xəbərlər saytınızın etibarlılığını artırır. Güclü rəqəmsal PR strategiyası sizi həm istifadəçilərin, həm də axtarış sistemlərinin diqqətində saxlayır. Nəticədə saytınız daha tanınmış və axtarış nəticələrində daha görünən olur.
Sosial media
Sosial media da off-page SEO-nun digər vacib hissəsidir. Sosial mediada edilən paylaşımlar çox sayda klik və baxış qazandıqda, bu həm daha çox insanın saytınıza keçid etməsinə, həm də backlink-lərin artmasına kömək edir. Eyni zamanda, hədəf kütlənizlə mənalı və davamlı əlaqələr quraraq, istifadəçiləri rəylər, şərhlər və tövsiyələr paylaşmağa təşviq edə bilərsiniz. Bu məqsədlə müsabiqələr və mükafatlandırma kimi üsullardan istifadə effektiv ola bilər.
Bundan başqa, off-page SEO-da PPC (klik başına ödəniş) reklamları da mühüm rol oynayır. Google, X, Facebook və LinkedIn kimi platformalarda yayımlanan pullu reklamlar – xüsusilə də maraqlı və dəyərli məzmunla birlikdə – saytınıza əlavə trafik gətirmək və backlink qazanmaq üçün təsirli bir üsuldur.



