Kontent Marketinq Nədir?

Kontent Marketinq Nədir?

Kontent marketinq əvvəlcədən müəyyən edilmiş istifadəçi kütləsini hədəf alaraq müəyyən bir dəyərə və əlaqə səviyyəsinə sahib, davamlı məzmunların yaradılmasını və nəticə etibarilə bu kütlələrin hərəkətə keçməsini təmin edən strateji bir marketinq yanaşmasıdır. Əgər istifadəçilər bir elementi görməməzlikdən gəlmək əvəzinə, onu mütəmadi olaraq izləməyi və ya ondan faydalanmağı seçirlərsə, deməli həmin element kontent marketinq strategiyasının bir hissəsinə çevrilmişdir. Kontent marketinq yalnız məzmunu istifadəçilərə təqdim etməklə kifayətlənməməlidir. Hədəf eyni zamanda istifadəçiləri motivasiya etmək və onlardan konkret reaksiyalar almaq olmalıdır.Bu reaksiyalar markanıza dəyər qatacaq hər hansı bir addım ola bilər: istifadəçiləriniz məzmunu öz şəbəkələrində paylaşa, xəbər bülleteninizə abunə ola, məhsullarınızı ala və ya rəy bildirə bilərlər. Buna görə də kontent marketinq fəaliyyətlərində tez-tez istifadə olunan kanallara sosial şəbəkələr, bloqlar, vizual məzmunlar, eləcə də xüsusi istifadəçilərə təqdim olunan e-kitablar və ya vebinarlar daxildir.

Effektiv kontent marketinq strategiyasının arxasındakı əsas məqam, insanların diqqətini çəkəcək hekayələr danışmaqdır. Məzmununuz istifadəçilər tərəfindən “reklam” və ya “satış” elementi kimi görünməməlidir. “Satmağa çalışmamaqla” daha çox satış etmək də bu şəkildə mümkün ola bilər. Məzmununuz həm markanızı tanıtmalı, satışları artırmaq məqsədi güdməli, həm də müştərilərə faydalı olmalı, onların ehtiyaclarını qarşılayacaq dəyərli informasiyalar təqdim etməlidir.

Şirkətlər niyə kontent marketinq strategiyasına ehtiyac duyurlar?

Bəlkə də kontent marketinqinin nə olduğundan daha önəmli olan məsələ şirkətlərin niyə ona ehtiyac duyduqlarını başa düşməkdir. Ad və e-mail ünvanı kimi məlumatların saniyələr içində əldə oluna bildiyi siyahı əldə etmək, PPC (klik başına ödəniş) və ya sərgi tanıtımları kimi sürətli nəticə verən marketinq üsulları ilə müqayisədə kontent marketinq sizə böyük bir yük kimi görünə bilər. Əksər hallarda kontent marketinq strategiyasından yalnız bu sürətli üsulların effektiv olmadığı, çox baha başa gəldiyi, tətbiq olunmasının çətin olduğu və ya bütün bu problemləri eyni anda yaşadığınız zaman istifadə olunmağa başlanılır.

 Kontent marketinq şirkətlərin sabit və ölçülə bilən müştəri axını yaratmasına kömək edir.Bunun üçün hər ay davamlı olaraq büdcə ayırmağa ehtiyac yoxdur. Kontent marketinq digər marketinq kanallarına da dəstək olur. Sosial media marketinqi üçün əlavə məzmun yaratmağa kömək etdiyi kimi, SEO (axtarış sistemləri optimizasiyası) işlərinə də daxili keçidlər vasitəsilə töhfə verir. Həmçinin, saytınızın keyfiyyətli məzmunlarla axtarış sistemlərində daha çox görünməsini təmin edir. Hətta demək olar ki, bir çox şirkətin SEO fəaliyyətləri kontent marketinq strategiyası ilə uyğun şəkildə aparılmalıdır.

Kontent marketinqinin əsas üstünlükləri

Kontent marketinq rəqəmsal dövrdə şirkətlərin hədəf auditoriya ilə effektiv və davamlı əlaqə qurmasının ən güclü yollarından biridir. Bu yanaşma sadəcə məhsul və ya xidmət tanıtmaqla kifayətlənmir, eyni zamanda dəyərli informasiya təqdim edərək müştəri etimadı və brend sədaqəti yaradır. Doğru planlaşdırılmış kontent strategiyası ilə şirkətlər həm tanınırlığını artırır, həm də rəqiblərindən fərqlənə bilirlər. Aşağıda kontent marketinqinin bizneslərə təqdim etdiyi əsas üstünlükləri daha ətraflı şəkildə araşdıracağıq.

Brend tanınırlığını artırmaq

Kontent marketinq brend tanıtımını artırmaq üçün effektiv bir üsuldur. Doğru strategiya ilə hazırlanmış məzmunlar hədəf auditoriyanızın diqqətini cəlb edərək brendinizin daha geniş kütləyə çatmasına imkan verir. Keyfiyyətli məzmunlar brendinizin ixtisaslaşdığı sahəni ön plana çıxararaq istifadəçilərdə etibar yaradır. Bu sayədə həm mövcud müştərilərlə əlaqələr güclənəcək, həm də potensial müştərilərə çatmaq ehtimalı artacaq. Kontent marketinq eyni zamanda axtarış sistemi optimizasiyasına (SEO) töhfə verərək brendin tanınmasını artırır və rəqabətdə üstünlük qazandırır.

Müştəri sədaqəti yaratmaq

Kontent marketinq müştəri sədaqətinin formalaşmasında mühüm rol oynayır. Dəyərli və maraqlı məzmunlar təqdim etməklə müştərilərinizlə emosional bağ qura bilərsiniz. Mütəmadi və orijinal məzmunlar brendinizin etibarlılığını artırmaqla yanaşı, müştərilərinizin ehtiyaclarını da qarşılamalıdır. Bu yanaşma müştərilərin brendinizlə təkrar əlaqə yaratmaq ehtimalını artıraraq uzunmüddətli sədaqət formalaşdırır. Bundan əlavə, maarifləndirici və ya əyləncəli məzmunlar müştərilərə davamlı fayda verərək onları brendinizin müdafiəçisinə çevirə bilər.

Orqanik trafikin artırılması

Kontent marketinq orqanik trafik cəlb etməkdə təsirli bir strategiyadır. SEO yönümlü məzmunlar yaradaraq axtarış sistemlərində üst sıralarda yer ala və hədəf auditoriyanızın sizi asanlıqla tapmasını təmin edə bilərsiniz. Açar söz analizləri ilə optimallaşdırılmış bloq yazıları, bələdçilər və ya videolar potensial müştəriləri veb saytınıza cəlb edəcəkdir. Bundan əlavə, mütəmadi və keyfiyyətli məzmun paylaşımı həm yeni ziyarətçilərin qazanılmasına, həm də mövcud auditoriyanın qorunmasına imkan yaradır. Bu yanaşma uzun müddətli perspektivdə reklam xərclərini azaltmaqla yanaşı davamlı trafik artımını da təmin edir.

Kontent marketinq necə həyata keçirilir?

 Kontent marketinq hədəf auditoriyanızla güclü bir əlaqə qurmağa yönəlmiş uzunmüddətli bir strategiyadır. Reklamla müqayisə etdikdə, kontent marketinq potensial və mövcud müştərilərinizlə daha səmimi bir münasibət qurmağınıza imkan verir. Potensial müştəriləriniz məzmunlarınızla davamlı qarşılıqlı əlaqədə olduqlarına görə alış qərarı verdikdə, rəqibləriniz yerinə sizi seçəcəklər. Mövcud müştəriləriniz isə yaratdığınız məzmunlar sayəsində özlərini dəyərli hiss edəcək və brendinizə olan bağlılıqları daha da güclənəcək.

Bəs kontent marketinq necə edilir? Kontent marketinqinə başlamaq üçün öncə aşağıdakı suallara cavab verməlisiniz:

  • Rəqəmsal marketinq məqsədləriniz nələrdir? Şirkət olaraq ümumi hədəfləriniz nədir?
  • Niyə kontent marketinq etməlisiniz? Əsas məqsədiniz nədir?
  • Hədəf auditoriyanız kimlərdir?
  • Rəqibləriniz hansı növ məzmunlar yaradır?
  • Siz hansı məzmunları yaradacaqsınız? Hansı platformalar üçün məzmun hazırlamalısınız?
  • Məzmunu nə zaman yayımlayacaqsınız?
  • Məzmununuzu necə tanıdacaqsınız?

Kontent marketinq strategiyası necə qurulur?

Artıq kontent marketinqinin nə olduğunu və niyə vacib olduğunu öyrəndik. İndi isə növbəti mərhələyə keçərək şirkətinizə uyğun effektiv bir kontent marketinq strategiyasını necə quracağınızı araşdırmaq zamanıdır. Uğurlu bir strategiya qurmaq üçün hədəflərinizi müəyyənləşdirməli, auditoriyanızı tanımalı və doğru məzmun formatlarını seçməlisiniz. Bu proses düzgün planlandıqda, həm brend dəyərinizi artıracaq, həm də müştərilərinizlə güclü və davamlı əlaqələr qurmanıza imkan yaradacaq.

Brendin məqsədini müəyyən edin

Effektiv bir kontent marketinq strategiyası yaratmazdan əvvəl, ilk addım brendinizin əsas məqsədini və mövcud biznes hədəflərinizi dəqiq şəkildə müəyyənləşdirməkdir. Brendinizin necə yarandığını, nəyi təmsil etdiyini və hansı dəyərləri ön planda tutduğunu aydın şəkildə bilməlisiniz. Bu məlumatlar yaradacağınız məzmunların əsasını təşkil edəcək. 

Məqsədiniz satışları artırmaq, brendin tanınmasını yüksəltmək, saytınıza trafik çəkmək və ya sosial mediada qarşılıqlı əlaqələri gücləndirmək ola bilər. Bu hədəflər əsasında məzmunlar planlamaq həm strategiyanızı konkretləşdirəcək, həm də nəticələrin effektivliyini ölçməyə imkan verəcək. Brendin məqsədini məzmunlara inteqrasiya etmək, brend hekayənizi qarşı tərəfə çatdırmaq və sizi rəqiblərinizdən fərqləndirən cəhətləri vurğulamaq baxımından olduqca vacibdir.

Hədəf auditoriyanızı müəyyən edin

Kontent strategiyasının uğurlu olması üçün kimin üçün məzmun hazırladığınızı dəqiq müəyyənləşdirməlisiniz. Hədəf auditoriyanızın kim olduğunu, onların maraq dairələrini, ehtiyaclarını və qarşılaşdıqları problemləri anlamaq vacibdir. Aşağıdakı suallar bu mərhələdə sizə kömək edə bilər:

  • Məzmunlarınızı kimlər üçün hazırlayırsınız?
  • Bu auditoriyanın əsas ehtiyacları və sualları hansılardır?
  • Sizin təqdim etdiyiniz məhsul və ya xidmətlər onların hansı problemlərini həll edir?
  • Auditoriyanız hansı platformalardan daha çox istifadə edir?
  • Onlara necə bir üslubla müraciət etməlisiniz: səmimi, rəsmi, məlumatverici, yoxsa əyləncəli?

Bu suallara cavab verməklə, auditoriyanızın diqqətini çəkəcək və onları əlaqədə saxlayacaq məzmunlar yarada bilərsiniz. Eyni zamanda, doğru auditoriyaya doğru mesajı çatdırmaq brendinizin etibarlılığını və dəyərini artıracaq.

Məzmun formatlarınızı müəyyən edin

Əgər artıq strategiyanızın məqsədlərini müəyyənləşdirmisinizsə, növbəti addım hansı növ məzmunlara yönələcəyinizi seçməkdir.Məzmun formatlarınızı müəyyənləşdirərkən aşağıdakı suallar sizə köməkçi olacaq:

  • Hansı sosial media platformaları üçün məzmunlar yaradacaqsınız?
  • Hansı növ məzmunlar hazırlayacaqsınız? Əsas prioritet hansı məzmun növündə olacaq? Müxtəlif sosial media platformaları üçün vizual diliniz necə olacaq?
  • Hədəf auditoriyanıza və ya müştəri seqmentinizə uyğun hansı məzmun növlərinə daha çox diqqət yetirməlisiniz?
  • Müştəri kütlənizə uyğun olan məzmun növlərinin formatları və vizual ölçüləri necə olacaq?
  • Eyni məzmun fərqli platformalarda necə uyğunlaşdırılaraq paylaşılacaq?
  • Əgər bloq yaratmağı planlaşdırırsınızsa, yazılarınızı hansı məzmun idarəetmə sistemi (CMS) vasitəsilə hazırlayacaq və paylaşacaqsınız?

Məzmun planı hazırlayın

 Məzmun planı və ya məzmun təqvimi məzmunlarınızın hazırlanmasını, planlaşdırılmasını və paylaşılmasını asanlaşdıran yazılı bir planı ifadə edir. Məzmun planı yaradaraq brendiniz üçün müəyyən etdiyiniz kontent marketinq strategiyasına daha sistemli və səmərəli şəkildə nail ola bilərsiniz. Məzmun planının qrafik dizaynerlər, məzmun redaktorları və marketinq komandası kimi məzmundan məsul olan bütün əməkdaşlarla paylaşılması paylaşılacaq məzmunların daha asan şəkildə planlaşdırılmasını, hazırlanmasını və yayımlanmasını təmin edir. Məzmun planının sağlam şəkildə hazırlanması üçün cavabdeh bütün əməkdaşlar mütəmadi olaraq bir araya gələrək paylaşım planını nəzərdən keçirməli, yekun yoxlamaları aparmalı və fikir mübadiləsi etməlidirlər. Təqviminizdə mütləq yer almalı olan əsas elementlər aşağıdakılardır:

  • Məzmunun kateqoriyası, başlığı, paylaşılacağı platforma, istifadə olunacaq açar sözlərin təhlili və varsa, hashtag-lər.
  • Məzmunun hazırlanmasının tamamlanması üçün nəzərdə tutulan tarix.
  • Məzmunun yayımlanacağı saat və tarix.
  • Paylaşım öncəsi diqqət yetirilməsi vacib olan məqamlar.
  • Hazırlanan məzmunun hədəflədiyi auditoriya.
  • Məzmunun uğurunun ölçüləcəyi metriklər.

Məzmunlarınızın uğur nisbətini ölçün

Məzmunlarınızı paylaşdıqdan sonra nəticələri təhlil etmək gələcəkdə daha güclü və effektiv məzmunlar yaratmaqda sizə böyük dəstək olacaq. Məzmunlarınızın uğurunu ölçmək üçün aşağıdakı metriklərdən mütləq istifadə etməlisiniz:

  • İstifadəçi davranışlarını təyin etmək üçün saytınızdakı baxış sayı (page view), səhifənizə daxil olan istifadəçi sayı, istifadəçilərin səhifədə keçirdiyi orta vaxt, saytı ilk dəfə ziyarət edənlərin sayı, təkrar ziyarət edən istifadəçilərin sayı, saytdan çıxma nisbəti (bounce rate), istifadəçilərin hansı kanaldan saytınıza gəldiyi məlumatı, bir istifadəçinin sessiya ərzində baxdığı ümumi səhifə sayı (pages per session).
  • İstifadəçi qarşılıqlı əlaqəsini ölçmək üçün sosial media platformalarında və ya məzmun idarəetmə sistemlərində məzmunlarınıza gələn şərhlər, bəyənmələr və paylaşımlar.
  • Saytınızın əldə etdiyi orqanik trafik və məzmunlarınıza aid açar sözlərin axtarış motorlarında sıralamaları.
  • Məzmunlarınızın şirkətinizə gətirdiyi geri dönüş (konversiya), klik sayı, satış, ROI (investisiya gəliri) və ROAS (reklam xərclərinin geri dönüşü) göstəriciləri.

Məzmunlarınızın uğur nisbətlərini Google Analytics, Google Search Console, Ahrefs, Semrush kimi alətlərin köməyi ilə ölçə bilərsiniz.

Kontent marketinqdə sosial medianın gücü

 Sosial media kontent marketinqdə geniş auditoriyalara sürətli və birbaşa çatmaq baxımından əvəzolunmaz gücə malikdir. Doğru platformaları seçməklə brendinizin mesajını hədəf auditoriyaya effektiv şəkildə çatdırmaq mümkündür. Vizual yönümlü məzmunlar üçün Instagram və Pinterest, peşəkar kontentlər üçün LinkedIn, dinamik və interaktiv paylaşımlar üçün isə TikTok, X və YouTube kimi platformalar önə çıxır. Facebook və Instagram, geniş istifadəçi bazaları ilə brendin tanıdılması və müştəri bağlılığının artırılmasında mühüm rol oynayır. Bu platformalarda estetik vizuallar, hekayələr, yarışmalar və influencer əməkdaşlıqları ilə əlaqə yaratmaq mümkündür.

LinkedIn, xüsusilə B2B (biznesdən-biznesə) kontent strategiyaları üçün güclü seçimdir – məqalələr, analizlər, webinarlar və sponsorlu paylaşımlarla peşəkar əlaqələr qurmaq mümkündür. TikTok və YouTube isə müvafiq olaraq qısa, əyləncəli və dərin məzmunlar üçün geniş imkanlar təqdim edir. Bu platformalarda düzgün hashtag strategiyaları, trend mövzular və kreativ video formatları ilə viral təsir yaratmaq mümkündür. Sosial media vasitəsilə istifadəçi şərhləri, bəyənmələr və paylaşımlar kontentinizin uğurunu artırmaqla yanaşı, daha çox insanın sizə çatmasını təmin edir.

 Qarşılıqlı əlaqə səviyyəsini artırmaq üçün sorğular, canlı yayımlar, qısa videolar, hekayələr və istifadəçi tərəfindən yaradılan kontentlərdən istifadə tövsiyə olunur. Eyni zamanda, auditoriyanızı yaxından tanımaq və onların ehtiyaclarına uyğun məzmunlar təqdim etmək vacibdir. Storytelling, yəni hekayə anlatmaq sosial mediada daha emosional və unudulmaz bağlar qurmaq üçün effektiv üsuldur. Brendinizin və ya müştərilərinizin real həyat hekayələrini paylaşmaq etibarı və bağlılığı artırır. Sosial media strategiyanızda vizual dil, məzmun növləri və paylaşım zamanlaması kimi detalları planlamaq uğurun əsas şərtləridir. Bütün bu fəaliyyətlər davamlı analiz və ölçüm ilə dəstəklənməli, nəticələrə görə strategiya optimallaşdırılmalıdır.

Yusif Maniyev
Yusif Maniyev
Digital Marketing Expert

Yusif Maniyev Azərbaycanda fəaliyyət göstərən SEO mütəxəssisi və rəqəmsal marketinq eksperti kimi SEO, SEM, SMM və kontent strategiyası sahələrində brendlərin Google-da görünürlüğünü artırır.

Related Posts