İnfluencer Marketinq Nədir?

İnfluencer Marketinq Nədir?

İnfluencer marketinq tanınmış şəxslər və sosial media hesabları vasitəsilə brendin və ya məhsulun rəqəmsal platformalarda tanıdılması üçün aparılan reklam və tanıtım işləridir. Bu marketinq növündə məqsəd izləyici sayı çox olan və auditoriyası ilə güclü əlaqə quran şəxslərin təsir gücündən istifadə edərək məhsulu daha geniş kütləyə çatdırmaqdır. Ənənəvi reklam modellərindən fərqli olaraq influencer marketinqdə brendlə influencer arasında əməkdaşlıq və qarşılıqlı razılaşma əsas rol oynayır. Burada influencer sadəcə məhsulu nümayiş etdirmir, onu öz gündəlik həyatına inteqrasiya edərək izləyicilərinə daha təbii və inandırıcı formada təqdim edir. Bu da izləyicilərin məhsula qarşı marağını və etibarını artırır. Bundan əlavə, influencer marketinq yalnız məhsulun tanıdılması ilə kifayətlənmir, eyni zamanda kontent marketinqi, reklam kampaniyaları və interaktiv paylaşımlarla marka imicinin formalaşdırılmasına da töhfə verir. Nəticə etibarilə, bu üsul həm brendin tanınırlığını artırır, həm də satışa birbaşa təsir edə bilər.

İnfluencer kimdir?

Influencer müəyyən bir sahədə bilik, təcrübə və ya populyarlığı olan, sosial mediada geniş izləyici kütləsinə sahib şəxsdir. Onlar izləyiciləri ilə qurduqları güvən əlaqəsi sayəsində onların davranış və qərarlarına təsir göstərə bilirlər. Influencerlər moda, gözəllik, texnologiya, qida, səyahət və digər sahələrdə fəaliyyət göstərə bilər. Onların əsas gücü izləyicilərinə real həyatdan nümunələrlə məhsul və ya xidmətləri tanıtmalarıdır. Influencer-lər markalar üçün effektiv reklam və tanıtım vasitəsi sayılır, çünki onların tövsiyələri çox zaman ənənəvi reklamlardan daha inandırıcı qəbul olunur. Onlar video, post, story və canlı yayımlar vasitəsilə məhsul haqqında məlumat verir və istifadə təcrübələrini paylaşırlar. Nəticədə, influencer-lər brendlərlə əməkdaşlıq edərək həm onların tanınmasına, həm də satışların artmasına dəstək olurlar.

İnfluencer marketinqin faydaları nələrdir?

Influencer marketinq müasir dövrdə markaların hədəf auditoriyasına çatmaq üçün istifadə etdiyi ən təsirli metodlardan biridir. Sosial mediada güclü təsir gücünə malik şəxslərlə əməkdaşlıq edərək, məhsul və xidmətlərin daha etibarlı və cəlbedici şəkildə təqdim olunmasına şərait yaradır. Bu yanaşma həm brend tanınmasını artırır, həm də satışa birbaşa təsir göstərir. Aşağıda influencer marketinqin əsas faydaları haqqında ətraflı məlumat verilmişdir.

İnsanların alış qərarlarına təsir

İnsanlar çox vaxt başqalarının təcrübə və rəylərinə əsaslanaraq məhsul və ya xidmət barədə fikir formalaşdırırlar. Bu sosial sübut xüsusilə tanınmış şəxslər və məşhur sosial media hesabları tərəfindən dəstəkləndikdə daha təsirli olur. Belə bir dəstək izləyicilərin bir brendə və ya məhsula olan etibarını və marağını artırır. Nəticədə, həmin məhsul daha dəyərli görünməyə başlayır. Bu səbəbdən influencer marketinq kampaniyaları vasitəsilə istehlakçıların satınalma qərarlarına birbaşa təsir etmək mümkündür.

Müəyyən olunmuş auditoriyaya yönəlmək

Bəzi sosial media hesabları yalnız müəyyən bir maraq sahəsinə və ya spesifik auditoriyaya yönəlik paylaşımlar edirlər. Bu cür niş hesablar, markalara dəqiq hədəf kütləsinə çatmaq və izləyicilərlə daha güclü əlaqə qurmaq imkanı verir. Belə hesabları müəyyən edib onların auditoriya xüsusiyyətlərini təhlil etməklə, doğru mesajı doğru kütləyə çatdırmaq mümkündür. Daha sonra bu hesablar üzərindən həmin auditoriyaya uyğun kontent hazırlayaraq və məhsul tanıtımı apararaq daha effektiv nəticələr əldə edə bilərsiniz.

Marka və məhsul tanınırlığını artırmaq

Tanınmış və çox sayda izləyicisi olan sosial media hesabları ilə əməkdaşlıq etmək marka tanınma səviyyənizi artırmaq üçün təsirli bir strategiyadır. Bu cür hesablar geniş və müxtəlif auditoriyalara çatdıqları üçün paylaşdıqları məzmunlar qısa müddətdə minlərlə, bəzən milyonlarla insana yayıla bilər. Bu da markanızın daha çox insan tərəfindən tanınmasına və yadda qalmasına şərait yaradır. Eyni zamanda, bu paylaşımlar sayəsində məhsullarınız və xidmətləriniz haqqında məlumat daha tez yayılır və potensial müştəri bazası genişlənir. Nəticə etibarilə, bu yanaşma həm brend dəyərinizin artmasına, həm də satış imkanlarınızın güclənməsinə xidmət edir.

İnfuencer-lərin növləri

İnfluencer-lər sosial mediada və ya digər platformalarda auditoriya üzərində təsir gücünə sahib olan şəxslərdir. Onlar izləyicilərlə qurduqları əlaqə, etibar və sahə bilikləri sayəsində markaların məhsul və xidmətlərini tanıtmaqda mühüm rol oynayırlar. İnfluencerlər müxtəlif kriteriyalara görə fərqlənə bilər. Brendlər üçün uyğun influencer seçimi etmək məqsədə çatmaq və düzgün auditoriyaya səslənmək baxımından olduqca vacibdir.

Nano influencer-lər

1.000 ilə 10.000 arasında izləyicisi olan şəxslər nano influencer olaraq adlandırılır. Bu şəxslərin paylaşdıqları məzmunlar daha az kommersiya xarakteri daşıdığı üçün izləyicilər tərəfindən daha təbii və inandırıcı qəbul edilir. İnsanlar adətən bu qədər az izləyicisi olan bir hesabın ödənişli əməkdaşlıq etdiyini düşünmədiklərinə görə, paylaşılan məhsul və ya xidmət daha real görünür. Üstəlik, influencer hələ fəaliyyətinə yeni başladığı üçün özünü süni şəkildə təqdim etmədən, daha səmimi və orijinal çıxış edir. Bu da marka üçün daha güvənli və təsirli bir reklam mühiti yaradır.

Mikro inflencer-lər

10.000 ilə 50.000 arasında izləyicisi olan şəxslər mikro influencerlər-dir. Onlar kifayət qədər böyük auditoriyaya sahib olsalar da, izləyiciləri ilə səmimi və yaxın münasibət qurmağa davam edirlər. Bu səmimiyyət sayəsində onların paylaşdıqları məhsul və xidmətlər daha inandırıcı görünür və satınalma qərarlarına təsir etmə ehtimalları yüksək olur. Mikro influencerlərlə əməkdaşlıq həm marka tanınmasını artırmaq, həm də satışa yönəlmiş real nəticələr əldə etmək üçün effektiv üsuldur.

Makro influencer-lər

50.000 ilə 1 milyon arasında izləyicisi olan şəxslər makro influencerlərdir. İnfluencer deyildikdə bir çox insanın ağlına ilk gələn əsas kütlə məhz bu qrupdur. Makro influencerlər həm geniş auditoriyaya çatmaq, həm də satış və marka tanınırlığını artırmaq üçün ideal seçimdir. Onlarla əməkdaşlıq edərək brend mesajınızı daha böyük kütlələrə çatdırmaq və eyni zamanda satış hədəflərinizi dəstəkləmək mümkündür.

Mega influencer-lər

1 milyonun üzərində izləyicisi olan şəxslər mega influencerlər adlandırılır. Bu qrupa həm böyük influencerlər, həm də televiziya ulduzları, idmançılar və sənətçilər daxildir. Bu qrup müəyyən risklər daşıyır. Belə ki, böyük izləyici sayına baxmayaraq, onların paylaşımlarında bəzən aşağı səviyyəli qarşılıqlı əlaqə müşahidə oluna bilər və izləyiciləri arasında sevənlər qədər tənqid edənlər də olur. Buna baxmayaraq, düzgün qurulmuş bir kampaniya ilə bu tip influencerlər marka tanınmasına əhəmiyyətli töhfə verə bilərlər.

İnfluencer marketing strategiyası necə yaradılır?

İnfluencer marketinq hədəf kütlənizlə əlaqə qurmaq və marka tanınma səviyyənizi artırmaq üçün olduqca təsirli bir üsuldur. Lakin düzgün influencerləri tapmaq və əməkdaşlıq etmək, uyğun büdcə müəyyənləşdirmək, hədəflərə çatmaq və mesajınızı doğru şəkildə ötürmək üçün diqqətli bir strategiya tələb olunur. Aşağıda influencer marketinq strategiyanızı qurmaq üçün izləməli olduğunuz addımlar təqdim olunub:

Doğru influencer seçimi 

Düzgün influencer seçimi, influencer marketinq strategiyasının ən vacib mərhələsidir və kampaniyanın uğurunu birbaşa müəyyən edir. Bunun üçün fəaliyyət göstərdiyiniz sahəyə uyğun populyar sosial media hesablarını, bloqları və digər mənbələri araşdırmaq vacibdir. Seçdiyiniz influencerin izləyici kütləsi mütləq brendinizin hədəf auditoriyası ilə uyğun olmalı və onun dəyərləri markanın imici ilə üst-üstə düşməlidir. İzləyici sayı önəmli olsa da, əsas diqqət onların auditoriyası ilə qurduğu real əlaqəyə və qarşılıqlı etibara yönəlməlidir. Eyni zamanda, influencer marketinq agentlikləri və bu sahə üzrə ixtisaslaşmış platformalar doğru seçim etməkdə sizə dəstək ola bilər. Influencerlərin növləri və əməkdaşlıq şərtləri fərqli olduğundan, seçim prosesi zamanı onların izləyici keyfiyyəti, qarşılıqlı əlaqə nisbəti və sosial media analitik göstəriciləri də diqqətlə qiymətləndirilməlidir. Yalnız düzgün seçilmiş influencerlər vasitəsilə brendiniz həm daha geniş kütləyə çata bilər, həm də daha güclü və etibarlı imic formalaşdıra bilər.

Büdcənin müəyyənləşdirilməsi

İnfluencer marketinq strategiyanız üçün düzgün bir büdcə təyin etmək uğurlu nəticə əldə etmək üçün vacibdir. Büdcənizi müəyyən edərkən, əməkdaşlıq edəcəyiniz influencerin izləyici sayı, paylaşım keyfiyyəti və əməkdaşlıq növü kimi amilləri nəzərə almalısınız. Yalnız influencerə ediləcək ödənişi deyil, eyni zamanda kampaniyanın daha geniş kütləyə çatması üçün əlavə reklam büdcəsi də planlaşdırmaq faydalıdır. Büdcənizi müəyyən etdikdən sonra isə kampaniyanızı effektiv idarə etmək üçün aydın və məqsədyönlü bir strategiya hazırlaya bilərsiniz.

Hədəf və mesajın qərarlaşdırılması

İnfluencer marketinq kampaniyanızın məqsədlərini müəyyənləşdirmək uğurlu bir strategiyanın əsas addımlarından biridir. Hədəflər kampaniyanın məqsədinə uyğun şəkildə seçilməlidir. Məsələn bir brend yeni bir məhsulu təqdim edirsə, məqsəd məhsulun tanıtımını artırmaq və satışları yüksəltmək ola bilər. Bu məqsədlərə uyğun olaraq xüsusi bir mesaj hazırlanmalı və doğru auditoriyaya çatdırılmalıdır. Mesaj həm markanın dəyərlərini əks etdirməli, həm də hədəf kütlənin maraq və ehtiyaclarına uyğun olmalıdır. Mesajın düzgün şəkildə hədəf kütləyə ötürülməsi isə influencer kampaniyasının uğurunu əhəmiyyətli dərəcədə artıracaqdır.

Nəticələrin analiz edilməsi

Əməkdaşlıq başa çatdıqdan sonra, influencer kampaniyanızın nəticələrini ölçmək üçün mütləq bir plan qurmalısınız. Bu analiz prosesi kampaniyada qoyulan məqsədlərə çatıb-çatılmadığını və uğuru qiymətləndirmək üçün əsas göstəricilərin ölçülməsi prosesini əhatə etməlidir. Məsələn saytınıza gələn ziyarətçi sayının artması, satışların yüksəlməsi və sosial mediada izləyici sayının çoxalması kimi nəticələr kampaniyanın effektivliyini göstərir. Bütün bu mərhələləri düzgün planlayaraq və həyata keçirərək, markanızın müəyyən etdiyi hədəflərə daha rahat və effektiv şəkildə çata bilərsiniz.

Related Posts
Leave a Reply

Your email address will not be published.Required fields are marked *