İnsanların müraciətlərə sözlər vasitəsilə cavab verdiyi kimi, veb serverlər də axtarış sistemi tərəfindən daxil olunan müraciətlərə müxtəlif kodlar vasitəsilə cavab verir. Belə ki, istifadəçi hər hansı bir proses üçün axtarış sistemi vasitəsiylə sayta müraciət etdiyi zaman, server HTTP kodları vasitəsiylə onların istəklərinə cavab verir. HHTP status kodları istifadəçiylə server arasında əlaqə qurulması üçün istifadə olunan bir internet protokuludur. Bu kodlar axtarış sistemi ilə server arasındakı vəziyyətin nə yerdə olduğunu, hər hansı xətanın olub olmadığını təyin etməyə yardım edir. Kodların hər birinin ayrı funksiyası, məqsədi var. Məsələn, yəqin ki, hər biriniz müraciət etdiyiniz səhifənin tapılmaması halında 404 kodu ilə qarşılaşmısınız. Bu hər kəsin tanış olduğu və ən az bir dəfə rastlaşdığı bir koddur. Bəs daha öncə rastlaşmadığımız, lakin bizim müraciətlər üçün serverlə “danışan” başqa hansı kodlar mövcuddur? Gəlin bu sualın cavabına detallı şəkildə nəzər salaq.
HTTP status kodları yerinə yetirdiyi funksiyaların növlərinə görə 5 kateqoriyaya bölünür:
1xx- Məlumatlandırıcı kodlar
Bu kateqoriyaya kodlar serverin müraciəti qəbul etdiyi və son cavabın verilməsi üçün prosesin davam etdiyini bildirən kodlradır. Bu kodlara nümunə olaraq göstərə bilərik:
100-davam kodu
İstifadəçi istəkləri üçün serverə müraciət etdikdə, server müraciəti nəzərdən keçirərək nə cavab verəcəyini düşünür və daha sonra yekun cavabı axtarış sistemi vasitəsilə istifadəçiyə təqdim edir. Bu istək və cavab prosesinə düşünmə mərhələsini 100 http kodu təmin edir. Burdan belə nəticəyə gələ bilərik ki, 100-davam kodu müvəqqətidir və yekun cavab verilənə qədər, yəni proses başa çatana qədər qüvvədə olur.
102- işləmə
Bəzən müraciət zamanı yekun cavabın verilməsi üçün normadan artıq vaxt laızm olur ki, bu müddət ərzində server müraciət üzərində hələ də işlənildiyi barədə məlumatı 102 http kodu vasitəsilə qarşı tərəfə bildirir.
2xx-Oldu!
Müraciət uğurlu şəkildə cavablandıqda və müraciətçinin istəyi yerinə yetirildikdə bu kateqoriyaya aid kodlar fəaliyyətdə olur. Uğurlu kodlara nümunə göstərə bilərik:
200- Uğurlu istək
Bu kod serverin istifadəçi tərəfindən daxil olunan müraciətə müsbət cavab verdiyi hallarda, yəni müraciətçinin istəyi yerinə yetdikdə işə düşür. Saytın bütün səhifələrində bu kodun işə düşməsi SEO prosesi üçün mükəmməl bir haldır, çünki, botlar saytları nəzərdən keçirərkən bu kodun mövcud olduğu səhifələri müsbət dəyərləndirirlər. Yəni, axtarış sistemləri hər hansı problemə malik və ya tapılmayan səhifələr əvəzinə, hər şeyin yolunda getdiyi və lazımi şəkildə çalışan səhifələrin istifadəçi qarşısına çıxmasına üstünlük verir.
3xx-Yönləndirmə
Bu yönləndirmə kodları müraciətin uğurla qəbul olunduğunu, lakin lazımi cavabın müraciət olunan səhifədən fərqli bir qaynaqda mövcud olduğu hallarda işə düşür. Məsələn, siz bir səhifəyə müraciət etdiyiniz zaman əgər o səhifənin URL i, yəni yeri dəyişibsə, o zaman bu kodlar vasitəsi ilə məzmunun digərümvanına yönləndirilirsiniz. Qısaca, server sizə 2xx kodları ilə cavab vermək üçün öncə 3xx kodlarından istifadə edərək sizi düzgün yönləndirməyə çalışır. Bu HTTP kodlarına nümunə kimi göstərə bilərik:
301-Qalıcı yönləndirmə
Tutaq ki, bir veb sayt “SEO nədir” mövzusunda bloq yazaraq onu səhifəyə yerləşdirir və url quruluşunu “https://www.maniy.az/bloq/seo/” kimi təyin edir. Lakin daha sonra bu səhifəyə başqa URL təyin edərək onu “https://www.maniy.az/bloq/seo-haqqinda-bilmeli-oldugunuz-her-sey” olaraq dəyişdirir. Daha sonra, istifadəçi axtarış edən zaman onun qarşısına ilk URL çıxdıqda və o bu bağlantıya kliklədikdə, 301 kodu işə düşərək istifadəçini və ya axtarış motoronu dərhal 2ci, yəni istiafdəçini istəyini qarşılayacaq URL-ə qalıcı olaraq yönləndirir. Növbəti dəfə axtarış sistemləri bu nüansı yadda saxlayaraq əsas məzmunun həmişə yeni URL-də olacağını və bundan sonra köhnə sonra köhnə URL-dən istifadə etməməli olduğunu anlayır. Bir müddətdən sonra, axtarış sistemi artıq köhnə URL-inəticələr arasında əks etdirmir.
302-Müvəqqəti yönləndirmə
302 kodu da, 301 kimi fərqli URL-lər arasında yönləndirməni təmin edir. Lakin arada bir fərq var: burada istifadəçinin əldə etmək istədiyi məzmun qalıcı yox, müvəqqəti olaraq başqa qaynaqda əks olunur. 302 http kodu tələb olunan məzmunun müvəqqəti olaraq başqa URL-ə köçdüyünü və növbəti dəfə istifadəçinin istəyinə yenə də əsas səhifəylə cavab verilməsi barəsində axtarış motoruna məlumat verir. Unutmamalı olduğumuz bir nüans var. Bir neçə dəfə istifadə olunan 302 kodu bir müddətdən sonra axtraış sistemi tərəfindən 301, yəni qalıcı yönləndirmə kimi qəbul olunacaq. Yəni, server axtarış sisteminə davamlı olaraq 302 ilə cavab verdikdə, artıq bir müddətdən sonra axtarış sistemi məzmunun yeni URL-ə qalıcı olaraq köçdüyünü zənn edir.
304-Dəyişdirilmədi
İstifadəçi hər hansı saytdakı səhifəni ziyarət etdikdə, brauzer bu qaynağı yadda saxlayır. Növbəti dəfə istifadəçi həmin səhifəyə müraciət etdiyi zaman, server həmin məzmunun heç bir dəyişiklik olunmamış halının, yəni eynisinin hələ də istifadə oluna biləcəyi barəsində axtarış sisteminə 304 kodu vasitəsilə cavab verir.
4xx-İstifadəçi xətası
Bu xəta kodları müştərinin serverdə mövcud olmayan və ya əldə olunmasına icazə verilməyən bilgilərin alınması müraciəti zamanı ortaya çıxır. Yəni bu kodlar tamamilə müraciətçidən qaynaqlanan problemlə bağlıdır. İstifadəçi xətasıyla bağlı olan bu kodların bəzilərinə nəzər salaq:
403-Qadağandır
Bu kod istifadəçinin əldə etməyə ixtiyarı olmadığı bilgilər üçün müraciət etdiyi zaman ortaya çıxır. Əgər müraciətçinin mövcud qaynağa daxil olmaq üçün icazəsi yoxdursa, server girişin qadağan olduğunu 403 kodu vasitəsilə axtarış motoruna bildirir.
404-Tapılmadı
Bu məşhur http kodu istifadəçinin istədiyi qaynağın hal-hazırda serverdə tapılmadığını bildirir. Bu kod istifadəçi müraciəti yanlış daxil etdikdə və ya axtardığı məlumatın saytda mövcud olmadığı hallarda ortaya çıxır. Saytda 404 koduna malik səhifələrin çoxluğu SEO prosesinə mənfi təsir göstərə bilər. Buna görə də bəzi 404 səhifələrinə 301 kodu verərək istifadəçiləri axtarılan qaynaqla ən əlaqəli ola biləcək səhifəyə yönləndirə bilərsiniz.
410- İtkin
Bu kod axtarılan məlumatın daha əvvəl serverdə mövcud olduğu, lakin hal hazırda qalıcı olaraq serverdə mövcudluğunun sonlandırıldığı hallarda işə düşür. Google botları isə növbəti dəfə scan prosesində bu səhifəni nəzərdən keçirmirlər. Əgər səhifə müvəqqəti olaraq mövcud deyilsə və gələcəkdə yenidən serverə əlavə edilmə ehtimalı varsa, bu zaman 404 kodundan istifadə daha məqsədə uyğundur.
5xx-Server xətası
Bu kateqoriyaya aid olan kodlar 4xx kateqoriyasındakılardan fərqli olaraq, tamamilə serverdən qaynaqlanan problemlə əlaqələnir. Bu kodlar, server fəaliyyətində yaranmış hər hansı natamamlığa və ya problemə görə müraciətçinin istəyinin yerinə yetirilməməsi halında işə düşür. Bu hal daha çox server çox yükləndikdə və ya təmirdə olduqda yaşana bilər. Server xətası kodlarına nümunə göstərə bilərik:
503-Xidmət istifadə olunmur
Ən məşhur server xətası kodu olan 503 serverin aşırı yüklənmə və ya təmirdə olma səbəbilə mürcaiətçilərin istəyinə müvəqqəti olaraq cavab verə bilmədiyi hallarda işə düşür. Bu halın yaşanmaması üçün server daha çox yük üstlənə biləcək şəkildə optimallaşdırıla bilər.
Yuxarıda sadalanan kodlar mövcud HTTP status kodlarınınyalnızca bir qismini təşkil edir. Bu və digər status kodlarının düzgün istifadəsi və saytdakı xəta kodlarının mümkün qədər azaldılması SEO prosesinin nəticəsinə təsir göstərən amillərdən biridir.