Müxtəlif səviyyədə keyfiyyətə malik minlərlə məzmunun mövcud olduğu bir məcrada, axtarış motorları daim bu məzmunları ələkdən keçirərək istifadəçilərinə ən keyfiyyətli və əlaqəli mənbələri təqdim etməyə çalışır. Lakin iş keyfiyyətli və maraqlı məzmun yaratmaqla bitmir. Google təkcə məzmunu keyfiyyətə görə yox, eyni zamanda peşəkar və təcrübəli şəxs tərəfindən yazılmasına və əhatə etdiyi sahədə müəyyən səlahiyyətə malik və güvənli saytda yerləşdirilməsinə görə də dəyərləndirir. Yəni, məzmunuz nə qədər keyfiyyətli olsa da, əgər istifadəçilərin gözündə güvən qazanmamısızsa, demək olar ki, boşluğa xitab etmisiniz. Bu halın yaşanmaması üçün SEO prosesi zamanı təcrübə, peşəkarlıq, səlahiyyət və güvən anlayışlarının birləşməsindən ibarət olan EEAT yanaşmasını da nəzərə almaq olduqca önəmlidir. Gəlin birlikdə EEAT`in elementlərinə daha detallı şəkildə nəzər salaq:
Experience (Təcrübə)
Təcrübə anlayışı, məzmun yaradıcısının bəhs etdiyi mövzu barəsində nə qədər təcrübəyə malik olduğuyla bağlıdır. Burada əsas məqsəd, saytın və ya müəllifin mövzuya dair geniş bilgiyə və təcrübəyə sahib olduğunu ortaya qoymaqdır. Müəllifin yazısı təcrübəyə əsaslandıqda, məzmun istifadəçilər tərəfindən daha təbii və daha maraqlı qəbul edilir ki, bu da öz növbəsində saytın reytinqinə təsr edir. Təcrübə əsasında yazılmış məzmuna misal göstərə bilərik:
-Məsələn, bir fotoqraf çəkdiyi şəkilləri və bu şəkillərin hekayələrini öz saytının blog hissəsinə yerləşdirə bilər. Maraqlı və real hekayələrlə maraqlanan insanlar saytın daimi ziyarətçisinə çevrilə bilər. Bu isə saytın reytinqinin artmasına gətirib çıxaracaq
–Kitablar haqqında bloq yazan bir şəxsin kitablara yazılan şərhləri ehtiva edən məzmun yaratması da buna misal ola bilər. Mətn yazarı oxuduğu kitabların qısa xülasəsini təqdim edə və sonra kitabı oxumuş insanların şərhlərini və rəylərini paylaşa bilər. Kitabları necə tapdıqlarını, hansı bölmələrin onları heyran etdiyini və kitabların onlara hansı töhfələr verdiyini öyrənmək üçün məzmuna oxucuların təəssüratlarıyla bağlı paylaşımlarını əlavə edə bilər.
Authoritativeness (Səlahiyyətlilik)
Səlahiyyətlilik saytınızın əhatə etdiyi sahə üzrə müəyyən nüfuza malik olması deməkdir ki, bu nüfuzun əldə olunmasını da məzmununuz təmin edir. Əgər hər hansı bir şəxs məzmunu daxilində öz bilik və bacarıqlarını effektiv şəkildə sərgiləyərək insanlarda etibar yarada bilirsə, artıq o və məqalələrinin yerləşdiyi sayt mövcud sahədə müəyyən səlahiyyətə malik olmuş olur. Bu səlahiyyətə malik şəxs və ya saytın adının digər mənbələrdə çəkilməsi və ya saytın backlinklər alması isə şəxsin nüfuzunu daha çox artırır. Google sizin və ya saytınızın adını digər mənbələrdə gördükdə artıq sizə güvənir və güvəndiyi mənbəni də istifadəçilərinə təqdim edir. Məsələn, hüquq sahəsində peşəkar olan bir şəxsin adının başqa bir mənbədə çəkilməsi, onun məzmunun digər saytlarda yerləşdirilməsi və ya həmin şəxsin saytına backlinklərin verilməsi artıq onu axtarış motorlarının gözündə digər hüquqşünaslardan daha etibarlı və səlahiyyətli hala gətirir. Təbii ki, digər saytlar dedikdə etibarlı və keyfiyyətli məzmuna sahib saytlar nəzərdə tutulur.
Trustworthiness (Güvən)
Az əvvəl sadalanan təcrübə, peşəkarlıq və səlahiyyətlilik anlayışlarının üçünün də kökündə güvən dayanır. Hər üç maddənin təmin olunmasında əsas və yekun məqsəd axtarış motorlarını və istifadəçiləri saytın və məzmunun güvənli olduğuna inandırmaqdır. Saytınızın güvən qazanması üçün atılmalı olan bir neçə addıma birlikdə nəzər salaq:
Özünüz haqqında məlumat verin
Əgər sayt hər hansı bir şəxsi təmsil edirsə, saytda həmin şəxs haqqında ətraflı məlumatla zəngin bioqrafiya hissəsinin yazılması olduqca önəmlidir. Təsəvvür edin ki, qara ciyərlə bağlı yaranan problemlər və buna səbəb ola biləcək faktorlarla bağlı iki fərqli saytda məqalə oxuyursunuz. Məqalənin birinin kim tərəfindən yazıldığı qeyd olunsa da, saytda yazar haqqında heç bir məlumat qeyd olunmayıb. İkinci saytda isə həmin şəxs haqqında bioqrafiya hissəsində dolğun məlumatlar qeyd olunub. Hər iki məqalə keyfiyyətli kontentə sahib olduğunu nəzərə alsaq, sizə hansı məqalə daha güvənli görünərdi? Yazarı haqqında müəyyən bilgiyə və ilkin təəssürata malik olduğunuz məqalə, yoxsa özünü təqdim etməyən və haqqında məlumatları sizinlə bölüşməyən birinə məxsus məqalə? Təbii ki, birinci məqaləni daha güvənli hesab edəcəksiniz. Məhz buna görə də, şəxsin özünü tanıtması və saytda onu və fəaliyyət sahəsini istifadəçilərə təqdim edəcək bioqrafiya hissəsinin mövcud olması olduqca önəmlidir.
“Haqqımızda” bölməsini optimallaşdırın
Yuxarıda qeyd olunduğu kimi, sayt sahibi haqqında məlumatın istifadəçiyə təqdim olunması olduqca önəmlidir. Sayt sahibi anlayışına hər hansı şirkət və ya müəssisənin də daxil olduğunu nəzərə alaraq şirkət, fəaliyyət göstərdiyi xidmət sahəsi və missiyası haqqında məlumatları özündə ehtiva edən bir məlumatlandırıcı məzmunun yaradılması da olduqca önəmlidir. Bu saytınızı və şirkətinizi istifadəçilərin gözündə daha etibarlı hala gətirəcək.
Müştəri rəyi
İstifadəçilər daim istifadə edəcəkləri məhsul, xidmət və ya əldə etdikləri məlumatın keyfiyyətindən əmin olmaq üçün digər şəxslərin təcrübələrinə də diqqət yetirirlər. Hətta istifadəçilər məhsul və ya xidmət haqqında bir birindən aldığı məlumatı bəzən sizin təqdim edəcəyiniz məlumatlardan qat-qat üstün tuturlar. Buna görə də, müştəri təcrübəsiylə bağlı rəylər bölməsinin saytda mövcud olmasını da zəruri hesab edə bilərik.
SSL sertifikatı
Saytın daxili optimallaşdırılmasıyla bağlı hissələrə keçid etməzdən öncə, texniki SEO ilə bağlı olan və saytın güvənliliyini təmin edən SSL sertifikatından bəhs edək. SSL sertifikatı saytın kimliyini təstiqləyən və onun güvənli hala gətirilməsi üçün zəruri olan bir protokoldur. Onun əsas vəzifəsi, saytın əlaqədə olduğu bağlantıları güvəndə saxlamaq və müştəriylə sayt arasında gedən informasiya mübadiləsinin güvənli şəkildə yerinə yetirilməsini təmin etməkdir. Bu sertifikata sahib olmayan bir sayt gevənliliklə bağlı daim problem yaşayacaqdır ki, bu da öz növbəsində müştəri təcrübəsinin keyfiyyətini aşağı salacaqdır.
EEAT konsepsiyası, sizə məxsus hər bir məzmunun keyfiyyətini və etibarlılığını artırmaq üçün mühüm rol oynayır. SEO strategiyalarınızda EEAT prinsiplərinə diqqət yetirməyiniz, saytınızın daha güclü mövqeyə malik olmasına və istifadəçilərin etibarını qazanmasına kömək edir. Ən əsası, auditoriyanıza dəyərli və etibarlı məlumatlar təqdim edərək onları geri qazanma ehtimalını da artırmış olursunuz.Bundan əlavə, EEAT prinsiplərinə uyğun məzmun yaratmaq, rəqibləriniz arasında fərqlənməyinizə və markanızın onlayn reputasiyasını gücləndirməyinizə dəstək olacaq.